Rusiyanın ilhaq etdiyi Krım yarımadasının rəhbəri Sergey Aksyonov Ukraynanın Simferopola hücumu nəticəsində üç nəfərin öldüyünü, yeddi nəfərin isə yaralandığını bildirib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri qeyri-yaşayış obyektlərinə zərbələr endirib.
Aksyonov başqa bir paylaşımında Kerç istiqamətində hərəkət edən "Azovskoye–Kerç" şəhərətrafı qatarına edilən dron hücumunda daha bir nəfərin öldüyünü, üç nəfərin yaralandığını yazıb.
Bu arada "Krımski Veter" Teleqram-kanalı Feodosiya və Kerç şəhərlərində güclü partlayış səslərinin eşidildiyini xəbər verib. Kanal ilhaq olunmuş Sevastopoldakı Qələbə Parkı yaxınlığında ehtimal olunan zərbənin görüntülərini yayımlayıb. Məlumata görə, həmin ərazidə Rusiyaya məxsus "Pantsir" zenit-raket kompleksi yerləşir. Hava hücumundan müdafiə qüvvələrinin dron hücumunu dəf etdiyi açıqlanıb.
Eyni zamanda Rusiyanın Müdafiə Nazirliyi Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kursk və digər vilayətlərin səmasında Ukraynaya məxsus 272 PUA-nın vurulduğunu bəyan edib.
Ukraynaya ballistik raket və dron zərbələri
Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, iyunun 4-nə keçən gecə Rusiya Ukrayna ərazilərinə bir "İskəndər-M" ballistik raketi və 293 zərbə dronu ilə hücum edib. Hərbi Hava Qüvvələri dronlardan 264-nün vurulduğunu bildirib.
Yerli hakimiyyət orqanları Xersonda PUA-nın yaşayış binasına çırpılması nəticəsində 12 yaşlı oğlanın yaralandığını açıqlayıb.
Borispolda sənaye obyektinə hücum zamanı müəssisənin bir əməkdaşı xəsarət alıb. Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində isə yaşayış binasının iki mənzilində yanğın baş verib, iki nəfər yaralanıb. Dnepr rayonunda anbar binaları yanıb, Sinelnikov rayonunda isə çoxmənzilli binalara, fərdi yaşayış evinə və infrastruktur obyektlərinə ziyan dəyib.