Ötən gecə Rusiyanın Krasnodar vilayətindəki Temryuk Qara dəniz limanına çoxsaylı dron zərbələri endirilib. Böyük yanacaq çənlərinin alovlandığı, sənaye obyektlərinə ziyan dəydiyi bildirilir. Xəbəri dekabrın 25-nə keçən gecə regional hakimiyyətlər və Rusiya mediası yayıb.
Krasnodar regional operativ qərargahına görə, hücumdan sonra limanda iki neft məhsulu rezervuarında yanğın başlayıb.
Yanğının 2 min kvadrat metri sahəni əhatə etdiyi bildirilir, ilkin məlumatlara görə, xəsarət alan olmayıb. Yerli media orqanlarında yayılan görüntülərdə sahil yaxınlığında emal ərazisindən alov qalxdığı görünür.
Rəsmilər yaxınlıqdakı obyektlərə də ziyan dəydiyini açıqlayıb.
Rusiyanın Müdafiə Nazirliyi dekabrın 25-də Ukraynanın 170 dronundan 141-nin vurulduğunu bildirib. Onlardan yeddisi Krasnodar, bir neçəsi Moskva və Bryansk vilayətləri üzərində vurulub. Moskvanın meri Sergey Sobyanin paytaxta doğru uçan səkkiz dronunun tutulduğunu deyib.
Son aylar Ukrayna qüvvələri Rusiyanın enerji və nəqliyyat infrastrukturuna dəfələrlə dron zərbələri endiriblər.
Ötən gecə Rusiya da Ukraynaya qarşı kütləvi dron zərbəsi həyata keçirib.
Ukrayna Hava Qüvvələri Rusiyadan, eləcə də ilhaq olunmuş Krımdan, Donetsk vilayətindən 131 döyüş dronu buraxıldığını bildirib. 106 dronun vurulduğu, 22-nin hədəflərə çatdığı açıqlanıb.
İtkilər, dəyən ziyanla bağlı məlumat yoxdur.