Seul əsirlərə görə Kiyevdən üzrxahlıq tələb edir

Cənubi Koreya prezidenti Li Çje Men

Cənubi Koreya prezidentinin administrasiyası iki şimali koreyalı hərbi əsirin Seula təhvil verilməsi ilə bağlı məlumatın sızdırılmasına görə Ukraynadan rəsmi izahat və üzrxahlıq tələb edib. Bazar günü yayılan bəyanatda Ukrayna həmçinin məlumat açıqlandıqdan sonra aralarındakı məxfilik razılaşmasını yalandan inkar etməkdə ittiham olunur.

Cənubi Koreya prezidentinin baş katibi Son Qi Hon deyib ki, Seul cavab olaraq əlavə tədbirlər görmək imkanını nəzərdən keçirir.

Prezident administrasiyası iddia edir ki, Kiyev əsirlərin təhvil verilməsini müxtəlif kanallar vasitəsilə Seulla dəfələrlə müzakirə edib və prosesin gizli saxlanılmasını elə özü istəyib. Bildirilir ki, Ukrayna tərəfi şimali koreyalı hərbçiləri öz əsirləri ilə dəyişmək əvəzinə Cənubi Koreyaya verməsinə görə tənqid olunacağından ehtiyatlanırmış.

Seul isə diplomatik və humanitar şəraiti, o cümlədən əsirlər və onların Şimali Koreyada qalan qohumlarının təhlükəsizliyini nəzərə alaraq bu məlumatı gizli sazlamağa razılıq verib. Amma Ukrayna prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasındakı çıxışı zamanı KXDR-in iki hərbçisinin təhvil verildiyini açıq şəkildə bəyan edib.

Bundan sonra Zelenskinin ofisindəki mənbə "RBK-Ukrayna"ya deyib ki, Kiyev əsirlərin ötürülməsini gizli saxlamağa dair heç bir öhdəlik götürməyib. Cənubi Koreya prezidentinin administrasiyası isə bu bəyanatın iki ölkə arasındakı etimada ciddi zərbə vurduğunu və ikitərəfli münasibətlərə təsir göstərə biləcəyini vurğulayıb.

Şimali koreyalı hərbçi Ukrayna əsirliyində

Prezident də Kiyevi tənqid etmişdi

Cənubi Koreya prezidenti Li Çje Men də bundan əvvəl Kiyevin addımlarını açıq tənqid etmişdi. O, tərəflərin əsirlərin təhvil verilməsini gizli saxlamaq barədə qəti razılığa gəldiyini təsdiqləmişdi. Dövlət başçısının sözlərinə görə, Seulun bu məxfilik qərarı ilk növbədə əsirlərin özlərinin və ailələrinin təhlükəsizliyi ilə bağlı olub.

Ukrayna iki şimali koreyalı hərbçini 2025-ci ilin yanvarında Kursk vilayətində gedən döyüşlərdə əsir götürüb. O zaman Şimali Koreya bölmələri Rusiyanın tərəfində müharibəyə qoşulmuşdu. Onlar Ukrayna ordusunun sağ ələ keçirdiyi ilk KXDR hərbçiləri olub. Seulun bildirdiyinə görə, əsirlər dindirilmə zamanı könüllü olaraq Cənubi Koreyaya getmək istədiklərini deyiblər.

2024-cü ilin payızından Cənubi Koreya kəşfiyyatı və Qərb ölkələrinin xüsusi xidmət orqanları Rusiyaya 10 mindən çox şimali koreyalı hərbçinin göndərildiyini bildirirdilər. Həmin qüvvələr sonradan Ukrayna qoşunlarına qarşı aktiv döyüşlərə cəlb olunublar.