Konstantinovkada ölüləri həyətlərdə basdırırlar

Konstantinovkada mülki şəxslərin məzarları

Konstantinovkada bir yaşayış binasının arxasında iki yeni məzarın üstünə taxta lövhələr vurulub. Lövhələrdə əl ilə adlar yazılıb. Yerli sakinlərdən birinin dediyinə görə, keçən həftə Rusiya hücumu nəticəsində baş verən partlayışda onun anası həlak olub. İkinci qəbirdə isə təbii səbəbdən ölən yaşlı bir kişi basdırılıb.

Bu müvəqqəti dəfn yerləri Ukraynanın Donetsk vilayətindəki Konstantinovka şəhərində hökm sürən ümidsizliyi göstərir. Davamlı hücumlar şəhər əhalisinin böyük hissəsini daha təhlükəsiz yerlərə qaçmağa vadar edib.

Hücumların bəzi qurbanları qəbiristanlıqlarda dəfn olunur. Amma oralarda yer azdır, üstəlik, ölüləri daşımaq və basdırmaq üçün şəhərdə də az adam qalıb.

AzadlıqRadiosunun Ukrayna xidmətinin əməkdaşı Sergiy Qorbatenko xəbər verir ki, artıq bəzi sakinlər öz yaxınlarını həyətlərdə və ya bağlarda dəfn etməyə məcbur olurlar.

"Proliska" Humanitar Missiyasının rəhbəri Yevqen Tkaçov mülki şəxslərin çıxarılmasına kömək edən könüllüdür. O, bir binanın həyətində bir neçə meyit torbasını göstərir.

"Bu, zərbədə ölən qonşumuzun meyitidir. Görürsünüz, nələr baş verir, insanlar harada olurlar, olsunlar, ölürlər", – Tkaçov deyir.

Onun sözlərinə görə, meyitləri basdırmağa kifayət qədər adam lazımdır, tapılana qədər torbalar həyətdə qalacaq.

Rusiya qüvvələri son bir ayda Konstantinovkaya doğru tədricən irəliləyir, məqsəd Donetskin şimalında yerləşən şəhəri mühasirəyə almaqdır. Bu isə həm humanitar işçilər, həm də şəhərdə qalan sakinlər üçün təxliyəni getdikcə daha təhlükəli edir.

"Vəziyyət pisləşir, yolların çoxu dağıdılıb. Dronlar uçur, artilleriya atəş açır", – Tkaçov bildirib. Amma illərlə çəkən müharibədən sonra "artıq buna öyrəşmişik", - deyə əlavə edib.