Ötən həftə Ukraynanın Xəzər dənizində İran gəmisini vurması nəticəsində bir nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilir. İran bunun ticarət gəmisi olduğunu desə də, Ukrayna gəminin hərbi təyinatlı yük daşıdığını bildirir.
Siyasi şərhçi Araz Əliyev AzadlıqRadiosuna deyir ki, Xəzər müharibənin elə ilk günlərindən münaqişə zolağına çevrilib. O, həm Rusiya-Ukrayna, həm də İranın ABŞ və İsraillə münaqişələrinin qlobal miqyaslı münaqişələrə çevrildiyini bildirir.
"Münaqişənin elə başlanğıcında Naxçıvana endirilən dron zərbələri Azərbaycana ilkin ziyan vurmuşdu. Amma sonrakı mərhələdə biz gördük ki, istər diplomatik yollarla, istər digər vasitələrlə bu münaqişədə risk faizi bir qədər aşağı salındı. Çünki İran özü də ətrafındakı bütün ölkələrlə düşmən münasibətdə olmaq istəməz. Xüsusilə Azərbaycan, eləcə də Azərbaycanın müttəfiqi sayılan Türkiyə ilə. O baxımdan Azərbaycanın birbaşa yenidən hədəfə gətiriləcəyi və yaxud da hədəf olacağını düşünmürəm", – tarixçi əlavə edir.
A.Əliyev deyir, Azərbaycan həm öz ərazisindən İrana qarşı hücumda istifadəyə icazə verməməklə, həm də Ukraynaya humanitar yardımlar ilə regiondakı ölkələrlə münasibətlərini tənzimləyir.
İranın xarici işlər naziri Abbas Əraqçi bu hücumu sərt şəkildə qınayıb, cavabsız qalmayacağını bildirib.
Hərbi ekspert Səxavət Məmməd isə düşünür ki, İran Ukraynaya cavab verməyəcək, çünki hazırda bu addım Tehran üçün effektiv deyil: "Ukrayna tərəfi avropalı və amerikalı müttəfiqlərinə İran ərazisinə də zərbə endirmək imkanına malik olduğunu göstərməyə çalışır. Amma hava hücumundan müdafiə sistemlərinin olmaması və Vaşinqtonun bu səbəbdən İranla birbaşa toqquşmanı davam etdirmək istəməməsi onu göstərir ki, bu tip əməliyyatlar sadəcə xarici müttəfiqlərə hesablanmış göstəri xarakteri daşıyır. Bunların ciddi bir effektiv nəticə verəcəyini şəxsən mən gözləmirəm".
Sergey Miqdal
"Ukraynalılar Birləşmiş Ştatlara kəşfiyyat dəstəyi də təklif edir"
İsraildən hərbi ekspert Sergey Miqdal iyulun 28-də AzadlıqRadiosunun "Current Time" layihəsinin səhər proqramına bildirib ki, Ukrayna İran gəmisi ilə yanaşı, Rusiyanın iki yük və bir hərbi gəmisini də vurub: "Bu, Rusiyanın logistika zəncirlərini, o cümlədən onun hərbi sənayesini dəstəkləyən zəncirləri pozmağa yönəlik daha geniş kampaniyanın bir hissəsidir, çünki İran hücum dronları üçün müəyyən komponentləri Xəzər dənizi vasitəsilə Rusiya silahlı qüvvələrinə daşıyır".
S.Miqdal vurğulayır ki, gəmilər vasitəsilə həm İrandan Rusiyanın Xəzərdəki limanlarına, həm də Rusiyadan geri istiqamətə müxtəlif yüklər, xüsusilə radioelektron mübarizə vasitələri ilə bağlı müəyyən komponentlər daşınır.
Onun sözlərinə görə, bu gəmilərin məhv edilməsi hazırda İranla müharibə aparan ABŞ-yə birbaşa yardımdır.
"Ukrayna indi təkcə Avropadan yardım almır, həm də Avropaya müasir dron qüvvələrinin inkişafında kömək edir. O, Avropa tərəfdaşları ilə birgə layihələr gerçəkləşdirir, bu çərçivədə hazırlanan müxtəlif növ dronlar təkcə Ukraynaya verilməyəcək, onlardan həm də müxtəlif Avropa ölkələrinin silahlı qüvvələri istifadə edəcək. Bildiyim qədər, ukraynalılar Birləşmiş Ştatlara müxtəlif formalarda kəşfiyyat dəstəyi də təklif edir və artıq göstərirlər. Buraya İran ərazisi də daxildir, çünki Birləşmiş Ştatlardan fərqli olaraq, Ukrayna İranla uzun illərdir diplomatik əlaqələr saxlayıb və bu əlaqələri davam etdirir", – S.Miqdal əlavə edib.