Rusiya enerji infrastrukturunu vurduğundan Ukrayna Amerika qazına ümid edir

Sumi şəhərində yanacaqdoldurma məntəqəsinə Rusiyanın hücumu

Bu ay Rusiyaya məxsus 39 dronunun Ukraynanın cənubundakı kompressor stansiyasına hücumu Moskvanın Ukraynanın enerji infrastrukturuna hücumlarının istiqamətinin necə dəyişdiyinin göstəricisi idi.

Bu hücumlar Ukraynanın ilk dəfə olaraq Azərbaycandan təbii qaz almaq üçün müqavilə imzalamasından iki həftə keçməmiş baş verib. Rusiyanın hədəf aldığı bu infrastruktur Trans-Balkan dəhlizi vasitəsilə Cənubi Avropadan ölkəyə yanacağın idxalı üçün vacibdir.

Bu, cari ildə Ukraynanın təbii qaz infrastrukturuna edilən hücumlar silsiləsinin ən sonuncusu idi və müharibənin ilk üç ilində Moskvanın, əsasən, ölkənin elektrik şəbəkəsini sıradan çıxarmağa yönəlmiş hücumlarından kəskin fərqlənib.

Ukrayna qaz üçün mücadilə edir

Kiyev Azərbaycan və dolayı yolla ABŞ-dən qaz idxalı üçün tələsik addımlar atmağa məcbur olub və bu, maliyyə çətinliyi də yaradıb.

Ölkənin ən böyük qaz istehsalçısı və təchizatçısı olan "Naftoqaz" şirkəti 2025-ci ildə doqquz hava hücumunda onun infrastrukturuna 100-dən çox zərbə endirildiyini bildirib. Bu hücumlar Rusiyanın 2022-ci ildə genişmiqyaslı işğal müharibəsinə başlamasından bəri şirkətə olunan bütün hücumların təxminən yarısını təşkil edir.

Fevralda Ukraynada gündəlik orta temperatur sıfır dərəcənin altında olarkən, Rusiya Ukraynanın qaz hasilatının, demək olar ki, yarısını müvəqqəti olaraq dayandırıb və Kiyevi 0.8 milyard kubmetr qaz idxal etməyə məcbur edib.

Ukrayna indi qış istilik mövsümünə qədər yeraltı anbarlarını 13.2 milyard kubmetr qazla doldurmağa çalışır. Bunun təxminən üçdə biri idxal vasitəsilə gəlməlidir.

Kiyevdə yerləşən Enerji Sənayesi Araşdırma Mərkəzinin direktoru Oleksandr Xarçenko AzadlıqRadiosuna bildirib ki, daxili qazla bağlı vəziyyət "çətindir, lakin nəzarət altındadır".

Problem təchizatı təmin etmək deyil, onu maliyyələşdirməkdir. Ukrayna Milli Bankı apreldə bildirib ki, ölkə 2025-ci ildə qaz idxalına 2.9 milyard dollar xərcləməlidir.

Rusiyanın Ukrayna enerji sektoruna hücumundakı dəyişiklik

Vaşinqtondakı Atlantik Şurasının enerji məsələləri üzrə analitiki Olqa Xakova deyib: "Təbii qaz infrastrukturu ilk bir neçə ildə əslində hədəf deyildi, lakin indi hər şey oyundur. Bu, təkcə Ukraynada deyil, ümumilikdə Avropada enerji təhlükəsizliyini pozmaq cəhdidir. Bu, enerji sənayesində xaos yaratmaq məqsədi daşıyır".

Rusiyanın Ukrayna ərazisi vasitəsilə yanacağını Avropaya daşınmasına dair müqavilənin yanvarda başa çatmasından sonra Moskvanın Ukraynanın təbii qaz infrastrukturuna hücumları artıb.

"Razumkov Mərkəzi"nin enerji proqramları üzrə direktoru Volodimir Omelçenko AzadlıqRadiosuna deyib ki, zərbələr qışdan əvvəl Ukraynanı sarsıtmaq məqsədi daşıyır.

"Rusiya Baş Qərargahı aydın şəkildə başa düşür ki, bu qış Ukrayna üçün ən böyük təhlükə təbii qaz çatışmazlığıdır, çünki Ukraynanın qaz anbarlarında hazırda kifayət qədər qaz yoxdur", - Omelçenko bildirib.

Kiyevdə yaşayan politoloq Oleq Saakyan isə hesab edir ki, bu zərbələr sülh danışıqlarında üstünlük əldə etmək üçün Rusiyanın strategiyasının bir hissəsidir.

"Bu, mülki əhaliyə təzyiqdən və Ukrayna hakimiyyətinə psixoloji təzyiqdən başqa bir şey deyil", - o, AzadlıqRadiosuna deyib.

Amerika LNG-si

Rusiyanın bu strategiyası Kiyevin idxal və tədarükçülərin diversifikasiyası ilə bağlı ehtiyacını artırıb. Kiyev Azərbaycanla yanaşı, ABŞ-dən də mayeləşdirilmiş təbii qaz (LNG) almaqda maraqlı olduğunu ifadə edib. Bu siyasi baxımdan da həssas bir addımdır, çünki ABŞ prezidenti Donald Tramp LNG ixracını prioritet məsələyə çevirib və Ukraynaya ABŞ-yə hərbi yardım üçün pul ödəməsi ilə bağlı təzyiq göstərib.

Uzun müddət Ukraynanın qaz sənayesində çalışmış amerikalı işadamı Endryu Favorov bildirib ki, ABŞ təchizatçıları ilə uzunmüddətli LNG müqavilələri imzalamaq Kiyev üçün "aydın bir seçim" kimi görünür, çünki bunun potensial diplomatik faydaları da var. O qeyd edib ki, Ukrayna ucuz kredit almaq üçün Vaşinqtonun investisiya qurumu olan İnkişaf Maliyyələşdirmə Korporasiyasından maliyyə istəyə bilər.

Energetika naziri Svitlana Qrinçuk AzadlıqRadiosuna verdiyi açıqlamada deyib ki, Ukrayna ABŞ firmaları ilə danışıqlar aparır. Lakin nazir həcm və müqavilənin müddəti barədə heç bir məlumat verməyib. O qeyd edib ki, avqustda hücuma məruz qalan Odessa kompressor stansiyası Cənubi Avropa limanlarından ABŞ LNG-sinin idxalı üçün lazım olan infrastrukturun bir hissəsidir.

ABŞ artıq dünyanın ən böyük təbii qaz ixracatçısıdır və xaricə ixrac olunan yanacağın böyük həcmi mayeləşdirilmiş təbii qaz şəklində göndərilir. Yeni istehsal müəssisələri yarandıqca, ABŞ-dən LNG ixracının onilliyin sonuna qədər artması gözlənilir.

Üzərində iş gedən razılaşmalar

Ukraynanın ən böyük özəl enerji şirkəti DTEK bu ilin əvvəlində ABŞ-nin LNG şirkətləri ilə uzunmüddətli müqavilələr üzrə danışıqlar apardığını bildirib. DTEK ABŞ-dən ilk dəfə dekabrda LNG idxal edib.

"Naftoqaz" isə bu il ABŞ-dən gələn 0.44 milyard kubmetr mayeləşdirilmiş təbii qaz almaq üçün Polşanın enerji şirkəti "Orlen"lə müqavilə bağlayıb. ABŞ ticarət qrupu olan LNG Mərkəzinin strateji kommunikasiya meneceri Hinson Peters Ukrayna alıcılarının uzunmüddətli müqavilələr üçün kommersiya marağı göstərdiyini təsdiqləyib.

Bu arada avropalılar Ukraynaya qarşıdan gələn qış üçün yanacaq alışını maliyyələşdirməyə kömək məqsədilə səylərini artırıblar. Avropa Yenidənqurma və İnkişaf Bankı bu ayın əvvəlində təbii qazın alınması üçün "Naftoqaz"a 580 milyon dollar kredit ayırdığını açıqlayıb.

Avropanın ən böyük təbii qaz tədarükçüsü olan Norveç də eyni məqsədlə "Naftoqaz"a əlavə 100 milyon dollar vəd edib.

Ukraynanın bu il daxili qaz ehtiyaclarını ödəmək üçün nə qədər əlavə maliyyəyə ehtiyacı olacağı isə Rusiyanın onun qaz istehsalı, anbarları və nəqliyyat obyektlərini dronlar və raketlərlə hədəf alıb-almamasından asılı olacaq.

Yazını AzadlıqRadiosunun Vaşinqtondakı müxbiri Todd Prins və radionun jurnalisti Ülviyyə Əsədzadə hazırlayıb.