Ukrayna gömrüyünü Aİ-yə köçürür – FT

Rumıniya ilə yeni sərhəd-keçid məntəqəsi

Ukrayna gömrük yoxlamalarını sərhəddən Polşa və Slovakiyanın ərazilərinə keçirmək üçün bu ölkələrlə danışıqlar aparır. Məqsəd taxıl ixrac edən yük maşınlarını Rusiyanın dron hücumlarından qorumaqdır. Bu barədə oktyabrın 22-də "The Financial Times" (FT) məsələdən məlumatlı mənbələrə istinadən yazıb.

Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, Kiyev artıq Moldova ilə birgə sərhəd nəzarəti məntəqələri yaradıb və bu təşəbbüsü Polşa da daxil olmaqla digər qonşu ölkələrin ərazisində də reallaşdırmaq istəyir.

Nazirliyin sözçüsü Heorhi Tıxı FT-yə bildirib ki, bu addım "Rusiyanın sərhədlərimizə qəsdən zərbələr endirdiyi yeni təhlükəsizlik şəraiti" ilə bağlıdır Onun sözlərinə görə, Kiyev Polşa ilə razılaşmanı "mümkün qədər tez" yekunlaşdırmaq istəyir.

Avropa Komissiyası bildirib ki, Moldovaya bütün sərhəd gömrük yoxlamalarını öz ərazisində keçirməyə kömək edir.

Avqust ayından bəri Ukrayna Rumıniya, Moldova və Polşa ilə sərhəd-keçid məntəqələrinə çoxsaylı hücumlar qeydə alıb. Nəticədə sərhədlər boyunca yük maşınlarının uzun növbələri yaranıb.

Ukrayna Gömrük Xidməti bu həftə bildirib ki, Volın vilayətindəki sərhəd-keçid məntəqələrindən birində 1200-dən çox yük maşını Ukraynaya daxil olmaq üçün növbə gözləyir.