Ukrayna dronları Krasnodar diyarında yerləşən Afipski Neft Emalı Zavoduna, Başqırdıstandakı "Qazprom Neftxim Salavat" müəssisəsinə və ehtimal ki, "Rosneft-Opt" neft bazasına hücum edib.
Krasnodar diyarının operativ qərargahı Telegram kanallarında Afipski Neft Emalı Zavodunda yanğınla bağlı məlumatları təsdiqləyib. Rəsmi məlumata görə, dronların qalıqları ümumilikdə 16 ünvana düşüb.
Bir nəfər xəsarət alıb. Afipskidə fərdi yaşayış evləri, çoxmərtəbəli binalardan birində mənzil və daha bir bina zədələnib. Bundan əlavə, dron hücumu nəticəsində yerli müəssisələrdən birində yanğın baş verdiyi bildirilir.
Ukraynanın Exilenova+ OSINT kanalı Başqırdıstanda "Qazprom Neftxim Salavat" müəssisəsində yanğın baş verdiyini bildirib. Bu müəssisə Rusiyanın ən iri neft emalı və neft-kimya komplekslərindən sayılır.
Astra nəşri Salavat şəhərində "Rosneft-Opt" neft bazasının da hücuma məruz qaldığını yazır.
Başqırdıstan rəhbəri Salavatın sənaye zonasına hücumu təsdiqləyib. O bildirib ki, vurulan dron qalıqlarının düşməsi nəticəsində "bir neçə tüstülənmə ocağı" yaranıb.
Supernova+ kanalının məlumatına görə, Kerçdə enerji körpüsündə yanğın baş verib. Bundan əlavə, Azov dənizinin akvatoriyasında Rusiyanın "kölgə donanması"na aid tankerlərə yenidən hücum edildiyi bildirilir.