Ukrayna Rusiyanın yanacaq-enerji kompleksinə dron zərbələri endirib

Smolenskdəki zavod zərbədən sonra

Rusiyanın Smolensk vilayətində Ukrayna dronlarının zərbələri nəticəsində yanacaq-enerji komplekslərinin obyektlərində yanğınlar baş verib.

Bu barədə məlumatı vilayətin qubernatoru Vasili Anoxin verib:

"Böyük bir ehtimalla düşmənin Smolensk vilayətindəki mülki yanacaq-enerji obyektlərinə hücumu nəticəsində Smolensk və Yartsevo rayonlarının ərazilərində yanğın baş verib. FHX yanğının aradan qaldırılmasına səylər göstərir”.

Qubernator hadisə nəticəsində ölən və xəsarət alanların olmadığını əlavə edib.

Bu arada şahidlər Smolensk neftayırma zavodunda baş vermiş yanğın haqqında məlumat yayıblar.

Yerli sakinlərin dediyinə görə Yartsevo rayonundakı neftayırma zavodu hücuma məruz qalıb.

Bundan əvvəl SHOT teleqram kanalı öz abunəçilərinin məlumatlarına istinadla Smolensk yaxınlığında, Razdorovo kəndindəki neft bazasına bir və ya bir neçə dron zərbəsi endirildiyini xəbər vermişdi.

RBK Ukraina agentliyi və Ukraynanın başqa mediaları Rosneft şirkətinin Yartsevo və Razdorovo məntəqələrində iki neft bazasına və yanacaq-yağlama materiallarının nasos stansiyalarına dronların hücum etdiyini yazıblar. Bu bazada 26 min kubmetr neftin olduğu xəbər verilir.

Ötən həftənin axırında Smolensk qubernatoru dron hücumdan sonra istilik-enerji kompleksinin obyektində yanğın baş verdiyini bildirmişdi.

Hadisənin vilayətin mərkəzi ərazilərində baş verdiyi bildirilirdi. Bu ərazidə Lukoil şirkətinin Kardımovo neft bazası yerləşir.

Buna da bax: ABŞ prezidenti Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanunu imzalayıb

Yanacaq istehsalı 14 faiz azalıb

Ukrayna dronları bu ilin əvvəllərindən Rusiyada 18 neftayırma zavoduna hücum ediblər. Bu zərbələr nəticəsində Rusiyada yanacaq istehsalı 14 faiz azalıb.

Mart ayında Rosneftin Ryazandakı və Lukoil şirkətinin Nejeqorod vilayətindəki neftayırma zavodlarına hücum edilmişdi.

Hər iki müəssisə Rusiyanın ən böyük neftayırma zavodlarının ilk onluğuna daxildir. Bu müəssisələr habelə paytaxt Moskvanı yanacaqla təchiz edirlər.

Kiyev bir qayda olaraq Rusiyanın neft zavodlarına dron zərbələri üçün məsuliyyəti üzərinə götürmür və hadisələri şərh etmir.

Aprelin 24-ə keçən gecə Voronej, Belqorod, Kursk və Lipetsk vilayətlərinin qubernatorları dron hücumlarının olduğu barədə məlumat veriblər.