Zelenski Rusiyanın Donetskə 'qəddar' zərbəsindən 24 nəfərin öldüyünü deyir

Yarova kəndi

Rusiyanın Ukraynanın şərqində bir kəndə "qəddar" hücumu 24 dinc sakinin həyatına son qoyub. Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib və beynəlxalq ictimaiyyəti hücuma "uyğun reaksiya" verməyə çağırıb.

Zelenski deyib ki, sentyabrın 9-da Donetsk vilayətinin Yarova kəndinə zərbə birbaşa insanları, sadə vətəndaşları hədəfə alıb.

Bu xəbərdən bir neçə saat öncə isə Moskva bildirib ki, Ukrayna qüvvələri Donetskin Rusiya nəzarətində olan ərazilərinə dron və raket hücumu edib. Həmin hücumlarda iki nəfər həlak olub.

"İlkin məlumata görə, ölənlərin sayı 20-dən çoxdur. Söz tapmaq olmur...", – Zelenski sosial şəbəkə paylaşımında yazıb.

Sentyabrın 9-da Londonda Ukrayna üzrə Əlaqələndirmə Qrupunun toplantısı keçirilir. Həmin qrupa 50-dən çox ölkə, NATO üzvləri və NATO-ya üzv olmayan bəzi tərəfdaşları daxildir.

Ukrayna Donetskin işğal altında olan hissəsini vurub

Ukrayna qüvvələri şərqi Donetsk vilayətinin işğal altında olan hissələrinə dron və raket zərbələri endirib. İki nəfər ölüb, 16 nəfər yaralanıb. Bunu vilayətə Rusiyanın başçı təyin etdiyi Denis Puşilin deyib. Onun sözlərinə görə, Ukrayna Donetsk və Makyevka şəhərlərində hədəfləri vurub.

İki zərbəyə azı 20 dronun cəlb olunduğu bildirilir.

Ukrayna rəsmiləri hücumları şərh etməyib.

Donetskin 75 faizi Rusiya qüvvələrinin nəzarəti altındadır, qalan hissəsini də ələ keçirməyə çalışırlar

Ukrayna prezidenti Volodimir Zelenski sentyabrın 8-də axşam videomüraciətində deyib ki, Rusiya qüvvələri Ukraynanın enerji sektoruna hücumları gücləndirir.

"Əlbəttə, buna cavab verir və verəcəyik, amma əsas məsələ sistemin sabitliyidir", – o vurğulayıb.

ABŞ prezidenti Donald Tramp həftəsonu deyib ki, Rusiyaya sanksiyaların ikinci mərhələsinə keçməyə hazırdır.

Sentyabrın 8-də isə Aİ-nin sanksiyalar üzrə baş rəsmisi bir qrup ekspertlə Vaşinqtona gedib. Onlar Rusiyaya qarşı blokun və Vaşinqtonun ilk addımlarını müzakirə edəcəklər.