Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ilk dəfə olaraq Dnepropetrovsk vilayəti ərazisindəki yaşayış məntəqələri uğrunda döyüşlərin getdiyini təsdiqləyib. Bununla yanaşı, qurum "DeepState" monitorinq platformasının Rusiya qüvvələrinin vilayət ərazisində iki kəndi ələ keçirməsinə dair məlumatını təkzib edib.
Baş Qərargahın avqustun 26-da dərc olunan məlumatında bildirilib ki, Ukrayna hərbçiləri Dnepropetrovsk vilayətinin şərqində, Donetsk vilayəti ilə sərhəd yaxınlığında yerləşən Zaporojskoye və Novoqeorqiyevka kəndləri ərazisində döyüşlər aparır. "Ukraynanın müdafiə qüvvələri rus işğalçılarının irəliləməsinin qarşısını alıb və Zaporojskoye kəndinə nəzarəti davam etdirirlər", - məlumatda deyilir. Həmçinin qeyd olunub ki, "Novoqeorqiyevka kəndi ərazisində fəal döyüş əməliyyatları davam edir".
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Dnepropetrovsk vilayəti ərazisində döyüşlər barədə Rusiya və bir sıra Ukrayna mənbələrinin məlumatlarını şərh etməmişdi, baxmayaraq ki, Rusiya diversiya qruplarının regiona sızdığı bildirilmişdi.
"DeepState" layihəsi daha əvvəl yazmışdı ki, Rusiya hərbi qüvvələri artıq bir müddətdir həm Dnepropetrovsk vilayətinin sərhədi boyunca, həm də artıq onun ərazisində hərbi əməliyyatlar aparır.
Rusiya Müdafiə Nazirliyi isə bildirir ki, Rusiya qoşunları Zaporojskoye və Novoqeorqiyevka da daxil olmaqla, regionda bir neçə yaşayış məntəqəsini ələ keçirib. Söhbət kiçik kəndlərdən gedir. Hazırda cəbhə xəttinin keçdiyi ərazidə, Zaporojye, Donetsk və Dnepropetrovsk vilayətlərinin qovşağında iri yaşayış məntəqələri və ya şəhərlər yoxdur.
Donetskdən fərqli olaraq, Dnepropetrovsk vilayətinin ilhaqı Rusiya hakimiyyəti tərəfindən rəsmən elan edilməyib, yəni Moskva hələ də onu Ukrayna ərazisi hesab edir. Rusiyalı hərbi bloqerlər bir neçə həftə əvvəl Rusiya qüvvələrinin Pokrovskdan cənubda yerləşən rayonların sərhədlərinə çatması barədə məlumat vermişdilər, o vaxtdan bəri "DeepState" xəritələrinə əsasən, Rusiya hərbçiləri bəzi ərazilərdə bir neçə kilometr irəliləyə bilib.