Rusiya Ukraynaya dron zərbələri endirib. Azı 11 nəfər həlak olub

Dnepropetrovska hücumdan sonra

İyunun 24-də səhər saatlarında Rusiya qüvvələri Ukraynanın Dnepr şəhərinə zərbələr endirib. Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısakın sözlərinə görə, yataqxana, gimnaziya, inzibati bina və sərnişin qatarına ziyan dəyib.

Zərbələr nəticəsində Dneprdə 11 nəfər həlak olub, 160-dan çox adam yaralanıb. Yaralılar arasında uşaqların olduğu bildirilib.

Ukrayna prezidenti Volodimir Zelenski X postunda ölü sayının arta biləcəyini yazıb.

"Ukrzaliznitsa" ASC bildirib ki, raket 52 nömrəli Odessa - Zaporojye qatarının yaxınlığına düşüb.

Sumi regional hərbi administrasiyası isə iyunun 24-ü səhər saatlarında məlumat yayıb ki, gecə ərzində Rusiya qüvvələrinin vilayətin bir kəndinə endirdiyi dron zərbələri nəticəsində üç nəfər həlak olub və onlardan bir də 8 yaşlı oğlan uşağıdır.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, iyunun 24-nə keçən gecə Rusiya qüvvələri Ukraynaya 97 ədəd "Shahed" kamikadze dronları və digər PUA-lar ilə hücum edib.

Xerson vilayətinə də zərbələr endirilib, azı dörd nəfər yaralanıb.

Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, hava hücumundan müdafiə qüvvələri iyunun 24-də gecə ərzində Ukraynanın 20 dronunu vurub.

Son hücumlar V.Zelenskinin iyunun 24-25-də Haaqada sammit çərçivəsində NATO liderləri ilə görüşə hazırlaşdığı vaxta təsadüf edir.