Ukrayna rəsmiləri Kiyev vilayətinin Buzovaya kəndində onlarla mülki şəxsin cəsədinin olduğu kütləvi məzarlığın tapıldığını bildirir. Bu, Rusiya qoşunlarının Kiyevin şimalındakı ərazilərdən çıxarılmasından sonra məlum olan növbəti kütləvi məzarlıq hesab edilir.
Bu barədə Buzovaya kəndinin də daxil olduğu Dmitrovski icmasının rəhbəri Taras Didıç Ukrayna televiziyasının telemarafonunda bildirib. O, kütləvi məzarlığın ərazidəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında tapıldığını deyib. Həmçinin bildirib ki, Buzovayadan keçən əsas yolda mərmi izləri olan ona yaxın avtomobildə də meyitlər tapılıb.
Reuters agentliyi bu xəbəri hələ təsdiq edə bilməyəcəyi qeydi ilə müşayiət edib.
Ukrayna hərbçiləri işğal zamanı öldürülən rus əsgərlərinin cəsədlərinin olduğu kütləvi məzarlıq tapdıqlarını da bildirirlər. Həmin əsgərlərin elə Rusiya əsgərləri tərəfindən qeyd olunan yerdə tərk edildiyi bildirilir. Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar Departamenti xəbər verir ki, dəfn Xarkovdan səkkiz kilometr aralıda yerləşən Olxovka kəndində tapılıb və fotoşəkil dərc olunub.
Bu barədə məlumat yayan KİV-lər müharibə şəraitində qeyd olunan məlumatların təsdiq və ya təkzib edilməsinin mümkün olmadığını yazırlar.
Rusiya hərbçiləri Ukrayna paytaxtını blokadaya almaq üçün bir neçə həftəlik uğursuz cəhdlərdən sonra Kiyevi əhatə edən rayonlardan geri çəkilib.
Onlar getdikdən sonra, xüsusən də Buça şəhərində mülki adamların qırğınları haqqında foto və videolar üzə çıxıb.
Bu qırğınlara görə, Ukrayna və Qərb ölkələri Rusiyanı ittiham etsə də Moskva bu ittihamları qəbul etmir. Buçadan olan görüntüləri saxta adlanan Rusiya iddia edir ki, Qərb yeni sanksiyalarına haqq qazandırmaq və danışıqlar prosesini pozmaq üçün belə görüntülər səhnələşdirilir.