Ukrayna Çini Rusiya prezidenti Vladimir Putinə sülhə nail olmaq üçün təzyiq göstərməyə çağırıb. Putin isə Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində on minlərlə insanın həlak olduğu müharibəni müdafiə edib.
"Çin Xalq Respublikasının əhəmiyyətli geosiyasi rolunu nəzərə alaraq, biz BMT Nizamnaməsinə hörmət əsasında Ukraynaya sülh gətirməkdə Pekinin daha fəal rolunu alqışlayarıq", – Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) sentyabrın 2-də bəyanatında bildirib.
Nazirliyin bəyanatında qeyd olunub ki, ŞƏT-in yekun bəyannaməsində münaqişəyə toxunulmayıb. XİN bunu "Moskvanın diplomatik səylərinin uğursuzluğunun əlaməti" adlandırıb. Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı işğala başlayıb.
Ukrayna prezidenti Volodimir Zelenski daim Rusiyanın yaxın müttəfiqi olan Çini müharibəni dayandırması üçün Putinə təzyiq göstərməyə çağırıb.
Liderlər parada qatılacaq
Sentyabrın 3-də Çində daha bir yüksək səviyyəli diplomatik tədbir – İkinci Dünya müharibəsinin başa çatmasının 80-ci ildönümünə həsr olunmuş böyük hərbi parad keçiriləcək. Putin daxil olmaqla bir sıra liderlər ŞƏT sammitindən sonra paradda iştirak üçün Çində qalıblar.
Putin Tiencində ŞƏT sammitində Ukraynanı işğal etməsinə dair Qərbə mesaj da göndərib. O deyib ki, Ukraynadakı müharibə Rusiyanın hücumu nəticəsində başlamayıb, səbəb Kiyevdə Qərbin dəstəklədiyi çevriliş olub. Bu isə Maydan etirazlarının təhrifi deməkdir. Belə ki, 2014-cü ildə bu etirazlar nəticəsində Moskvanın dəstəklədiyi prezident Viktor Yanukoviç hakimiyyətdən devrilib.
Putin əlavə edib ki, Qərbin Ukraynanı NATO-ya cəlb etmək cəhdləri, Rusiyanın təhlükəsizliyinə birbaşa təhdiddir. NATO isə bu iddianı dəfələrlə rədd edib.
Ukraynaya təhlükəsizlik qarantiyalarını müzakirə edəcəklər
Bu arada Kiyevin Avropadakı müttəfiqləri – "İstəklilər Koalisiyası" sentyabrın 4-də Parisdə bir araya gələrək Ukraynaya potensial təhlükəsizlik qarantiyalarını müzakirə edəcəklər.
Kremlin xarici siyasət müşaviri Yuri Uşakov ŞƏT sammiti çərçivəsində deyib ki, Putin, Zelenski və ABŞ prezidenti Donald Tramp arasında üçtərəfli görüşlə bağlı elə bir plan yoxdur. Tramp bu yaxınlarda belə bir görüşü təşkil etməyə çalışdığını demişdi.