ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner sentyabrın 5-6-da Moskva və Kiyevə səfər edə bilərlər. Bu barədə TASS, "Kyiv Independent" və Ukrayna Ali Radasının deputatı Oleksiy Qonçarenko məlumat yayıb. Səfər tarixləri hələ rəsmən təsdiqlənməyib.
Qonçarenkonun dediyinə görə, ABŞ elçiləri şənbə günü Moskvaya, bazar günü Kiyevə gəlməlidirlər. Deputat iddia edir ki, nümayəndə heyətinin Ukrayna paytaxtına təyyarə ilə gəlməsi nəzərdə tutulub və bu marşrut Rusiya tərəfi ilə razılaşdırılıb.
"Kyiv Independent"in həmsöhbəti planların dəyişə biləcəyini bildirib. Mənbəyə görə, Uitkoff Kiyevə getməkdən çəkinir, Rusiya belə bir səfərin təhlükəli ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Qonçarenko bildirib ki, sentyabrın 4-də Rusiya dronu Kiyevin Julyanı aeroportu ərazisində iki köhnə "Yak-40" təyyarəsinə hücum edib. Deputatın fikrincə, zərbə ABŞ təmsilçilərinin mümkün səfərinə hazırlıq fonunda qəsdən endirilib. Kiyev bu məlumatı hələ təsdiqləməyib.
Ukrayna prezidenti Volodimir Zelenski bundan əvvəl Uitkoff və Kuşnerin yaxın günlərdə səfər edə biləcəklərini demişdi. Onun sözlərinə görə, səfərlərin ilkin tarixləri müəyyənləşdirilib, Vaşinqton həm Moskvada, həm də Kiyevdə görüşlər keçirmək planını təsdiqləyib.
Rusiya prezidenti Vladimir Putin sentyabrın 3-də Vladivostokdakı forumda çıxışı zamanı bildirib ki, ilk növbədə Rusiya və Ukrayna müharibəni bitirmək barədə razılığa gəlməlidir, ABŞ və digər ölkələr bu prosesə kömək edə bilərlər. Putinin sözlərinə görə, Moskva ABŞ administrasiyası ilə əlaqələrini davam etdirir və Vaşinqtonla tammiqyaslı münasibətlərin bərpa olunacağına ümid edir.
Putin Ukrayna ilə xüsusi xidmətlər vasitəsilə təmasların saxlanıldığını iddia edib. O etiraf edib ki, həmin təmasların sülh razılaşmasına gətirib çıxarıb-çıxarmayacağını hələlik qiymətləndirmək çətindir.