2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasını üçüncü pillədə başa vuraraq UEFA Konfrans Liqasına vəsiqə qazanan "Turan Tovuz" klubu həmin turnirdən kənarlaşdırılıb. Qərar iyunun 2-də Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) tərəfindən qəbul edilib.
UEFA bu addımı atarkən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) 13 dekabr 2019-cu il tarixli qərarına əsaslanıb. Həmin vaxt AFFA İntizam Komitəsi 2019-2020 mövsümündə I Divizionda çıxış edən "Turan Tovuz"un 7 futbolçusunu "danışılmış oyunlar"a görə futboldan ömürlük uzaqlaşdırmışdı. Cəzalandırılan şəxslərin məsələyə münasibətini öyrənmək mümkün olmayıb.
"Turan Tovuz" klubunun rəsmi açıqlamasında UEFA-nın bu qərarına qarşı hüquqi mübarizəyə başlanacağı vurğulanıb: "Qərarın dəyişdirilməsi və bütün idman prinsipləri qorunaraq vəsiqə qazandığımız Konfrans Liqasında iştirakımızın təmin edilməsi üçün bu gündən (iyunun 3-dən) etibarən bütün hüquqi addımlar atılacaq və İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunacaq".
Klub həmçinin bildirib ki, Konfrans Liqasına hazırlıq planlarında heç bir dəyişiklik yoxdur: "Bu ay komanda üzvləri bir araya gələcək və Türkiyəyə təlim-məşq toplanışına yollanacaq".
"Turan Tovuz" 2022-ci ildə yenidən Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb. 2025/2026 mövsümündə liqanı üçüncü pillədə başa vurub.
Çempionatın qalibi isə Masazırın "Sabah" klubu olub. "Sabah" mübarizəyə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindən başlayacaq.