Ukrayna danışıqları dalanda. Medinski amili

Rusiya prezidenti Vladimir Putin Mixail Kalaşnikovun abidəsinin layihəsinə baxarkən mədəniyyət naziri Vladimir Medinskini dinləyir.

Bu həftə Cenevrədə sülh danışıqlarını Ukrayna və Rusiya "çətin" və "mürəkkəb iş" kimi təsvir ediblər. Ukrayna prezidenti Volodimir Zelenski isə daha sərt danışıb, "tarixi zir-zibil" ifadəsini işlədib.

İkigünlük danışıqlar fevralın 18-də qəfil bitib, Zelenski bundan az sonra mövqeyini açıqlayıb.

AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə aparıcı jurnalisti Mayk Ekkel yazır ki, ABŞ-nin vasitəçilik etdiyi danışıqlardan gözləntilər böyük deyildi. Zelenskinin sərt reaksiyası həm danışıqların niyə nəticə vermədiyini ortaya qoyub, həm də Kremlin dörd ili tamam olan müharibəni başlatmaq qərarının əsas səbəblərindən birinə işarədir.

Söhbət tarixçi, Rusiyanın keçmiş mədəniyyət naziri, Cenevrədəki Rusiya nümayəndə heyətinin rəhbəri olmuş Vladimir Medinskidən gedir.

Bestseller müəllifi (plagiat da ola bilər)

Medinski Ukraynada doğulub, Moskvanın nüfuzlu Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda ingilis dili və jurnalistika üzrə təhsil alıb. O, Sovet İttifaqının dağıldığı dövrdə Rusiyanın Vaşinqtondakı səfirliyinin mətbuat xidmətində çalışıb.

Moskvaya qayıdınca ictimaiyyətlə əlaqələr şirkətində işləyib, Vergi Polisinin sözçüsü olub. 2003-cü ildə Rusiyanın aşağı palatası olan Dövlət Dumasına deputat seçilib.

Dmitri Medvedevin dörd illik prezidentliyi dövründə Medinski Tarixin saxtalaşdırılmasına qarşı Prezident Komissiyasına təyin olunub.

Medinski ideoloji baxımdan prezident Vladimir Putinə yaxın fiqur idi. Axı Putin də uzun illər Qərbdə sovet və rus tarixinin kobud şəkildə təhrif olunduğunu iddia edib.

Medinski bestseller tarix kitablarının müəllifi kimi diqqəti üzərinə çəkib, həm də mənfi ad çıxarıb. Daha tanınmış tarixçilər bu əsərlərin faktoloji əsaslarını şübhə altına alıblar.

Məsələn, Medinskinin mübahisə doğuran bəzi fikirləri: "1939-cu il Molotov–Ribbentrop paktına abidə qoyulmalıdır". (Bu paktla nasist Almaniyası ilə Sovet İttifaqı Polşanı bölüşdürmüşdü); "çar Rusiyasında antisemitizm xeyli şişirdilib"; "Sovet İttifaqı Baltikyanı ölkələri heç vaxt işğal etməyib, sadəcə onları tərkibinə daxil edib".

2012-ci ildə onun "Divar" adlı ilk tarixi əsəri kəskin tənqid olunub, ardınca Putin onu mədəniyyət naziri təyin edib.

2016-cı ildə bir qrup rusiyalı alim Medinskinin doktorluq dissertasiyasının "təbliğat broşürü" olduğunu deyib. Onu açıq plagiatda ittiham edənlər olub.

2020-ci ildə Medinski Kreml administrasiyasında işləməyə başlayıb. O, məktəblər üçün tarix dərsliklərinin yenidən yazılmasına nəzarət edib.

Vladimir Medinski orta məktəb şagirdləri üçün dünya tarixi və Rusiya tarixi üzrə yeni dərsliklərin təqdimatında.

Tənqidçilərin fikrincə, 2023-cü ildə buraxılan yeni dərsliklər şagirdlər üçün sovet tipli ideoloji təlqinə qayıdışa işarədir.

Kitabın son cildində Rusiyanın Ukraynaya müdaxiləsinə bəraət qazandıran izah var: "Qərb Rusiyada sabitliyi pozmağa aludə olmuşdu. Heç məqsədi də gizlədilmirdi: Rusiyanı parçalamaq, onun resurslarına nəzarət etmək".

"Mədəniyyət döyüşçüsü"

Medinskinin mövqeyi onu Rusiyanın mədəniyyət müharibələrinin önünə çıxarıb. Putin artıq gey və lezbiyanları kənarlaşdıran, Rus Pravoslav Kilsəsi və mühafizəkar deputatların dəstəklədiyi, ənənəvi sayılan dəyərlərin təşviqinə başlamışdı.

2017-ci ildə o, ölkənin ən tanınmış film və teatr rejissorlarından biri ilə baletlə bağlı mübahisəyə girişdi. Əsər gey olduğunu gizlətməyən məşhur sovet rəqqası Rudolf Nureyevin həyatına həsr edilmişdi.

Bir il öncə isə Medinski ABŞ-nin "Netflix" onlayn yayım xidmətinin ABŞ hökumətinin zehni idarəetmə aləti olduğunu iddia edib.

Sülh danışmanı

Ukraynaya hücumdan təxminən yeddi ay öncə, 2021-ci ilin iyulunda Kreml Putinin adı ilə 5 min sözlük esse yayımladı. "Ruslar və ukraynalıların tarixi birliyi haqqında" başlıqlı esse Putinin tarixi narazılıqla təftiş etməsinin ifadəsi sayıldı. Yazıda, əsasən, Ukraynanın süni bir dövlət olduğu iddia edilirdi.

Medinskinin bu essedə rolunun miqyası dəqiq bilinmir, amma Kremli yaxından izləyənlər onun essenin hazırlanmasında mərkəzi rol oynadığını düşünürlər.

Hücumdan sonrakı bir neçə həftə ərzində Rusiya və Ukrayna təmsilçiləri İstanbulda görüşdü, atəşkəs əldə etməyə, Rusiyanın hücumunu dayandırmağa çalışdı. Amma bu səylər uğursuz oldu. Bunun bir səbəbi Rusiyanın Ukraynadan öz suverenliyindən imtinasını tələb etməsi idi.

Medinski həmin danışıqlarda iştirak edirdi.

Vladimir Medinski Cenevrə danışıqlarından sonra yola düşür.

Ötən il ABŞ prezidenti Donald Tramp münaqişənin həllinə yeni təkan verdi. Medinski yenə də Rusiya nümayəndə heyətinin başında idi.

Builki danışıqlarda Rusiya heyətinə QRU – Baş Kəşfiyyat İdarəsinin direktoru rəhbərlik edirdi. Onda Ukraynanın xarici işlər naziri Andriy Sibiqa deyirdi ki, "indi fərqli adamlar görürük, psevdo-tarix mühazirələri də yoxdur".

17 fevral danışıqlarından öncə Kreml Medinskinin Moskvanın komandasının başına qayıtdığını açıqlayıb.

Rusiyalı veteran ekspertlərin yanaşmasına görə, bu, Moskva üçün siyasi tələblərin masaya qayıdışı idi. Artıq Cenevrə danışıqlarının yaxşı keçməyəcəyinin əlaməti görünürdü.

Gələcək danışıqlar

Zelenskinin "tarixi zir-zibil" epiteti Cenevrə danışıqlarında tarixi hadisələrin mübahisə yaratmasının etirafı sayıldı.

O, sosial media paylaşımında Rusiya haqda Putinin Ukrayna barədə bildiyindən daha çox bildiyini də iddia edib.

İndilik yeni danışıqların tarixi, hansı şəraitdə keçiriləcəyi, Medinskinin danışıqlar masasında olub-olmayacağı aydın deyil.

"Medinskinin rolu elə əvvəlkidir: özlərini danışıq aparan kimi göstərmək, tətbiqi qeyri-mümkün, Ukrayna üçün qəbuledilməz tələblər və şərtlər irəli sürmək, bununla da ‘Ukrayna tərəfinin inadkarlığını nümayiş etdirmək", – bunu "Current Time"a müharibəyə etiraz olaraq Rusiyanın BMT-dəki diplomatı vəzifəsindən istefa vermiş Boris Bondarev deyib.