Twitter 3 milyon rubl cərimələndi

İki gün öncə Meta Platforms 4 milyon rubl, TikTok sosial şəbəkəsi isə 2 milyon rubl cərimələnmişdi

Moskvada məhkəmə Twitter sosial şəbəkəsini hökumətin qanunsuz hesab etdiyi kontenti pozmadığına görə cərimələyib.

Aprelin 28-də çıxarılmış məhkəmə hökmündə deyilir ki, Twitter həmin məlumatları pozmadığına görə 3 milyon rubl cərimə ödəməlidir. Söhbət Molotov kokteylinin hazırlanması haqda təlimatdan, Nasist svastikasını təbliğ, Rusiyanı, onun milli himni və bayrağını təhqir etdiyi bildirilən məlumatlardan gedir.

Buna da bax: İlon Mask Twitter-i aldı

İki gün öncə Meta Platforms 4 milyon rubl, TikTok sosial şəbəkəsi isə 2 milyon rubl cərimələnmişdi. Onlar Rusiyada qanunsuz hesab edilən LGBT kontentini pozmadıqlarına görə məhkəmə belə bir qərar çıxarıb.

Məhkəməyə Roskomnadzor media tənzimləyicisi müraciət edib. Bu qurum Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayandan ölkədə sosial mediaya və azad sözə təzyiqləri gücləndirib.

Aprelin 26-da Moskva yaxınlığında başqa bir məhkəmə Meta Platforms şirkətinə göstəriş verib ki, Rusiyada Instagram və Facebook sosial şəbəkələrində bəzi postlara çıxışı məhdudlaşdırsın. Həmin postlarda Rusiyada siyasi repressiyanın monitorinqini aparan OVD-Info-nun məlumatlarına istinad olunur.

Buna da bax: Putin Qərbi ‘ildırımsürətli zərbələr’ ilə qorxudur

Prezident Vladimir Putin sosial media platformalarını və digər texnologiya nəhənglərini ölkənin İnternet qanunlarını pozmaqda ittiham edir. O, xarici şirkətləri Rusiyada ofis açmağa, rusiyalıların şəxsi datasını bu ölkənin ərazisində saxlamağa vadar etməyə çalışır.

Tənqidçilər isə bu təzyiqin “İnternetin bütövlüyü”nə dəxli olmadığını deyir, hakimiyyəti fərqli düşünənləri boğmaq cəhdində suçlayır.