Dərman vasitələri və tütün məmulatlarını qaçaqmalçılıq yolu ilə ölkəyə gətirən, habelə onlara şərait yaradan vəzifəli şəxslərin saxlandığı bildirilir.
Bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi (DGK) bu gün, oktyabrın 2-də birgə məlumat yayıblar.
İstintaqın Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdiyi bildirilir.
İttihamlar DGK-nın Biləsuvar Gömrük İdarəsinin 1-ci şöbəsinin inspektoru Vüsal Hüseynov, "Azərterminalkompleks" Birliyinin həmin şöbəyə təhkim olunmuş instruktor-kinoloqu Asif Hacımuradov və başqalarına verilib. Cinayət işində ümumilikdə 400 min manat dəyərində dövlət qeydiyyatından keçməyən, o cümlədən tərkibində güclü təsir edən və psixotrop maddələr olan dərman vasitələrinin, habelə aksiz markasız tütün məmulatlarının gömrük nəzarətindən kənar ölkəyə keçirilməsindən bəhs edilir: "İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Vüsal Hüseynov, Asif Hacımuradov... barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib".
Hələlik, ittihamlara sözügedən şəxslər və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Son illər DGK-da bəzi vəzifəli şəxslərin qanunsuz əməllərlə bağlı məsuliyyətə cəlb edilmələrinə dair oxşar məlumatlar yayılır. Amma müstəqil təhlilçilər də vurğulayırlar ki, əsasən qanunsuz əməllərlə bağlı kiçik vəzifəli şəxslər məsuliyyətə cəlb edilirlər. Bəzi hallarda isə ittihamla verilən cəzanın adekvat olmadığı deyilir. Məsələn, bu ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsində Dubaydan 190 min manatdan çox dəyəri olan qızıl külçələr gətirib onu hava limanında gömrük nəzarətindən kənar ölkəyə keçirməkdə suçlanan üç nəfərin, o cümlədən gömrük əməkdaşlarının mühakiməsi yekunlaşıb. Onlara 11 ay həbsdə saxlayıb və qaçaqmalçılıqda təqsirkar sayaraq yekunda şərti cəzalar verilib. Bütün bunlara baxmayaraq, hazırda ölkə həbsxanalarında qaçaqmalçılıqda ittiham edilib ağır cəzalar alan tənqidçi jurnalistlər var.