Media yazandan sonra məktəbdə pul yığmağı dayandırıblar

Türkmən məktəbli qızlar

Şəhərdə məktəblərdə rəsmi təftişlərlə bağlı xəbər yayılan kimi direktorlar pul yığmağı qəfil dayandırıblar

Türkmənistanda bir çox məktəblər valideynlərdən məcburi pul yığmağı dayandırıblar. Bu haqda Aşqabad sakinləri AzadlıqRadiosunun türkmən xidmətinə danışıb. Qanunsuz pul yığmaq haqda müstəqil media yazırdı.

Sakinlərin iddiasına görə, təhsil və hüquq-mühafizə orqanlarının əməkdaşları son günlər Aşqabadda bir çox məktəblərdə olub, görünür, qanunsuz pulyığma iddialarını araşdırıblar.

Buna da bax: Polis əl-ələ tutan cütlükləri saxlayır

Məktəbi bitirənlərdən 85 dollar

Azatlyk məktəblərin təmiri üçün ildə azı bir dəfə şagirdlərdən pul tələb olunması haqda yazmışdı. Yığılan məbləğ isə məktəb üzrə dəyişir, hər şagirdə görə 28-42 dollar alındığı deyilirdi. Amma bu il məktəbi bitirən şagirdlərdən 85 dollar tələb olunub, valideynlər belə deyirlər.

“Azatlyk xəbər yayandan sonra Təhsil Nazirliyinin təmsilçiləri və prokurorlar Aşqabadda məktəblərə gedərək iddiaları yoxlayıblar”, – bir valideyn radioya deyir.

AzadlıqRadiosu ölkə rəsmilərindən rəsmi şərh ala bilməyib.

Buna da bax: Türkmənistanda çox çörək alanları həbs edəcəklər

Şagirdlərdən tələb olunur ki...

Şəhərdə məktəblərdə rəsmi təftişlərlə bağlı xəbər yayılan kimi direktorlar pul yığmağı qəfil dayandırıblar.

“İndi müəllimlər artıq pulu vermiş şagirdlərdən tələb edirlər ki, bunu onlardan kiminsə istədiyini desinlər”, – bir valideyn deyir. Onun sözlərinə görə, şagirdlərə AzadlıqRadiosuna, başqa mediaya informasiya verməmək tapşırılıb.

“Müəllimlər şagirdləri ağır nəticələrlə hədələyirlər”, – anonimlik şərtilə danışan valideyn sözlərinə əlavə edib.

Avtoritar Türkmənistan hakimiyyəti tənqidə dözümsüz yanaşır.

Son həftələr Aşqabadda və digər şəhərlərdə bir çox məktəblərdə yeni prezident Sərdar Berdiməhəmmədovun portretlərini almaq üçün də pul yığılır. O bu ilin martında təşkil olunmuş seçkidən sonra atası Qurbanqulu Berdiməhəmmədovu prezident postunda əvəzləyib.

Ölkədə məktəblər, idarələrdə, binalarda, eləcə də reklam lövhələrində Türkmənistan prezidentinin böyük portretləri asılır.

Avropada yerləşən “Xronika” müstəqil vebsaytı da son günlər Aşqabadda azı üç məktəbdə pul yığma təcrübəsinin dayandırıldığını təsdiqləyib.

Buna da bax: Sürücünün yanındakı qadına görə 2 min dollar cərimə

Təmir pulu

Əvəzində isə valideynlərdən məktəblərin təmiri üçün rəng, fırça, imkanları çatan materiallar istənilir. Vebsaytın yazdığına görə, daha yoxsul ailələrə təzyiq göstərilmir.

Türkmənistanda məktəblər adətən yay tətilində təmir olunur. Mənbələrə görə, hökumət təmirə pul ayırmır, buna görə vəsait toplamaq məktəb administrasiyasının boynuna düşür.

Pul yığmaq isə sinif rəhbərlərinə tapşırılır. Valideynlərin sözlərinə görə, rəhbərliyin tapşırdığı məbləği yığa bilməyən sinif rəhbərləri qalığı öz ciblərindən ödəməlidirlər. Əks halda onlar ya vəzifədən çıxarılır, ya da tam ştatdan yarımştata keçirilirlər.

Valideynlərin iddiasına görə, müəllimlərə pul verməyəndə onların uşaqları aşağı qiymət alır.

Türkmənistanda iqtisadi vəziyyət yaxşı olmadığından məktəblərdə qanunsuz pulyığma bir çox ailələrə çətinlik yaradır. Ölkədə kütləvi işsizlik, ərzaq qıtlığı, yoxsulluq tüğyan edir.