Aşqabadda kiçik dükanlar bağlanır, Rusiyada...

Bolqarıstan, arxiv fotosu

Aşqabadda böyük özəl ərzaq mağazaları və marketlər avqustdan bağlandığından paytaxt sakinlərinin çoxu bazarlığı kiçik dükanlardan edirdi

Türkmənistan paytaxtı Aşqabadda kiçik mağazalar bağlanıb. AzadlıqRadiosu-nun Türkmənistan xidməti bunun koronavirus pandemiyasının yayılmasını önləmək məqsədilə edildiyini yazır. Hakimiyyət isə hələ də ölkədə COVID-19-a yoluxmanın qeydə alınmadığını bildirir.

Buna da bax: ABŞ-da özəl şirkət işçiləri üçün yeni vaksinasiya tələbləri

Dövlət mağazaları

Yaşayış binalarının altında yerləşən kiçik mağaza sahibləri radionun müxbirlərinə deyiblər ki, onlara noyabrın 1-dən işi dayandırmaq göstərişi verilib. İki aydan çox çəkən lokdaun isə azı noyabrın ortasınadək uzadılıb.

Hakimiyyət qərarını izah etməsə də, yerli rəsmilər məqsədin “yoluxucu xəstəliklərin” yayılmasını önləmək olduğunu deyirlər.

Aşqabadda böyük özəl ərzaq mağazaları və marketlər avqustdan bağlandığından paytaxt sakinlərinin çoxu bazarlığı kiçik dükanlardan edirdi.

İndi isə yeganə ümid subsidiya ilə işləyən, dövlətin nəzarətində olan, məhdud sayda məhsul təklif edilən mağazalara qalır.

Buna da bax: Türkmənistanda pambığı adamları döyə-döyə yığdırırlar

Lokdaun tədbirləri

Lokdaun tədbiri kimi paytaxtın mərkəzindən kənar qəsəbələrə işləyən mikroavtobusların da işi dayandırılıb.

Şərqi Lebap regionunda lokdaun dekabradək uzadılıb. Kütləvi toplantılar, toy, dəfn mərasimləri isə bütün ölkədə qadağandır.

Məhdudiyyətlər avqustdan tətbiq olunub, o zaman koronavirusa bənzər xəstəliklə bağlı vəziyyətin kəskin pisləşdiyi, ölüm hallarının artdığı bildirilirdi.

Ancaq küçə satıcıları ticarəti davam etdirir, polis lokdaun rejimini pozanları saxlamağa gələndə isə qaçırdılar.

Noyabrın 1-də ABŞ Dövlət Departamentinin ölkə vətəndaşlarına Türkmənistana səyahət etməmək tövsiyəsini verib.

“Türkmənistanda vəziyyət bəlli olmadığı üçün hətta tam peyvənd olan səyahətçilər belə COVID-19-un ştammlarına yoluxa, onları yaya bilərlər”, – tövsiyədə deyilir.

Buna da bax: Türkmənistanda növbələr görünməsin deyə, çörək qaranlıqda satılır

Rusiya

Noyabrın 4-də Rusiyada COVID-19-dan ölüm 1192 nəfərə çatıb. Bu gün – noyabrın 5-də isə son 24 saatda 1195 ölüm, 40 mindən çox yoluxmanın aşkarlandığı açıqlanıb.

146 milyon əhalisi olan Rusiyada indiyədək 8.7 milyondan çox yoluxma, 244 min 447 ölüm qeydə alınıb. Rusiya ölü sayına görə Avropada birinci, dünyada Birləşmiş Ştatlar, Braziliya və Hindistandan sonra dördüncüdür.

Rosstat dövlət statistika xidməti isə COVID-19-dan ölümləri daha geniş kriteriyaya əsasən hesablayır və sentyabrın sonunadək koronavirusdan 462 minə yaxın ölüm hesablayıb.

Rusiyanın bir sıra regionları oktyabrın sonundan qüvvədə olan qeyri-iş günlərini noyabrın 7-dən sonraya uzadıblar.

Baş nazirin sosial siyasət üzrə müavini Tatyana Qolikova noyabrın 5-də bu həftə durumun daha 7 regionda, eləcə də Tatarıstan, Tuva və Çuvaş respublikalarında pisləşdiyini deyib.