Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov fevralın 14-də Dövlət Təhlükəsizlik Şurasının iclasını keçirib. O, hökumətdə, güc strukturlarında, dövlət konsernlərində irimiqyaslı kadr dəyişikliklərini elan edib.
General-mayor Nazar Ataqarayev başqa işə keçməsi ilə əlaqədar milli təhlükəsizlik naziri postundan azad edilib. Onun yerinə general-mayor Dövletgeldi Meredov təyin olunub.
Prezidentin neft-qaz sənayesi üzrə müşaviri Aşırgulı Beqliyev təqaüdə çıxması səbəbiylə vəzifəsindən azad edilib. Neft-qaz sektorunun əsas fiqurlarından biri, baş nazirin müavini Batır Amanov da tutduğu postdan kənarlaşdırılıb.
"Türkmennebit" dövlət konserninin sədri Quvanç Aqacanov baş nazirin müavini təyin olunub.
Türkmən Dövlət Memarlıq və İnşaat İnstitutunun rektoru Batır Mammedov bu vəzifədən azad edilib, baş nazirin müavini təyin edilib.
Daha bir neçə nazir, onlarla digər yüksəkvəzifəli məmur da vəzifələrindən azad ediliblər. Onların işdən çıxarılma səbəbləri rəsmən açıqlanmayıb.
2025-ci il Türkmənistanda maaş və ödənişlərin durğunluq ili kimi yadda qalıb. Əvvəlki illərlə müqayisədə əmək haqları və digər ödənişlər heç 10 faiz də artırılmayıb. Bu isə əhali arasında iqtisadi vəziyyət və gələcək perspektivlərlə bağlı suallar doğurub.
Yerli müşahidəçilərə görə, müstəqilliyin ilk illərində rəhbər kadrlar prezident fərmanları yenilənəndə əhali arasında, heç olmasa, minimal dəyişiklik və islahat ümidləri yaranırdı. İndi isə əhali yüksəkrütbəliləri az tanıyır, məmurlarla vətəndaşların əlaqəsi xeyli zəifləyib.