AzadlıqRadiosunun jurnalistləri Türkmənistanda yoxa çıxan bloqerin qəbrini tapıblar [Video]

Hitrowskin

AzadlıqRadiosunun türkmən xidmətinin jurnalistləri yoxa çıxan bloqer Didar Amansahatovun məzarını tapıblar. Bununla da hökuməti tənqid edən bloqerin ölümü təsdiqlənib.

"Hitrowskin" ləqəbli bloqer noyabrın sonunda qəflətən itib. Türkmən xidmətinin jurnalistləri dekabrın 18-də öz mənbələrindən Amansahatovu güc strukturlarının saxladığını və onun işgəncə nəticəsində ölə biləcəyini öyrənib.

Amma hakim orqanlar bloqerin yeri, saxlanmasının səbəblərini şərh etməyib.

Anonim qalmaq istəyən Türkmənistan sakini radioya danışıb ki, bloqerin səhifəsində onun ölümü ilə bağlı başsağlığı verəndən sonra onu dindirməyə çağırıblar. Təhlükəsizlik Xidmətinin əməkdaşı onu hədələyərək deyib ki, bloqerin taleyi Türkmənistan hökumətinin istənilən tənqidçisi üçün dərs olmalıdır.

"Hitrowskin" videolarının birində ölkədə ətin qiymətinin qalxmasını tənqid edib, bu məhsulun əhali üçün əlçatan olmadığını yazıb. Türkmənistan hakimiyyəti bahalaşmanı, işsizliyi, həyat səviyyəsinin aşağı olması ilə bağlı məsələləri şərh etmir.

19 dekabr

Türkmənistanda ətin qiymətindən danışan bloqer yoxa çıxıb

"Allah göstərməsin, 150 manata ət olar, 140 manata? Ət mövzusuna keçəcəyəm. İndi çox danışmayacağam... Ya əti ucuzlaşdıracaqsınız, ya da ətdən imtina edəcəyik". Bunu Türkmənistanda "Hitrowskin" ləqəbli TikTok istifadəçisi son videolarından birində deyir. Video noyabrın sonlarında yayımlanıb. Bundan sonra bloqer ictimaiyyətin gözünə görünməyib. AzadlıqRadiosunun türkmən xidməti (Azatlyk) onun taleyinin faciəli bitməsi ilə bağlı təsdiqlənməmiş məlumatların yayıldığını bildirir.

150 türkmən manatı təxminən 42 ABŞ dollarına bərabərdir.

Hitrowskin ölkədəki sosial problemlər, hökumətə yaxın olduğu iddia edilən şəxslər barədə tənqidi videolar da yayırdı. Videolar geniş izlənir, qaldırdığı məsələlər müzakirə olunurdu.

Onun əsl adı Didardır, Aşqabadın Xitrovka rayonundan olduğu deyilir.

İddialar

"Azatlyk" yazır ki, sosial mediada Hitrowskin-in son çıxışı ilə bağlı onlarla video paylaşılıb, onlara yazılan yüzlərlə şərhdə bəziləri bloqerin hakimiyyətə açıq müxalifətinə görə ondan qisas alındığını iddia ediblər.

İstifadəçilər arasında Didarı şəxsən tanıdığını, onun noyabrın sonunda öldüyünü və dəfn olunduğunu iddia edənlər də var.

Dünyanın ən qapalı və avtoritar ölkələrindən olan Türkmənistanda bu məlumatı müstəqil yoxlamaq, məsələ ilə bağlı hökumət qurumlarından şərh almaq mümkün olmayıb.

Bloqerin taleyini aydınlaşdırmaq istəyəndə isə onu şəxsən tanıdıqlarını deyən istifadəçilər birbaşa cavab verməkdən çəkiniblər. "Belə şeylər açıq deyilmir", "Başa düşənlər başa düşür" kimi ifadələr işlədiblər.

Radionun bölgə müxbirləri xəbər verirlər ki, TikTok-da tənqidi fikirlər, rəsmi mediada deyilənlərlə real həyat arasındakı "böyük boşluq" olduğunu yazanların aşkarlanması üçün kampaniya aparılır.

Dindirmələr aparılır

Balkanabat sakini radionun müxbirinə deyib ki, bu həftənin əvvəlindən təhlükəsizlik əməkdaşları insanları heç bir səbəb göstərmədən rayon və əyalət polis şöbələrinə çağırmağa başlayıblar: "Onlardan soruşurlar ki, siyasi baxışlara malik, sosial mediada hökumət əleyhinə şərhlər yazan istifadəçiləri tanıyırlarmı? Heç bir izahat vermədən mobil telefonları da əllərindən alırlar. Deyirlər ki, araşdırmaları başa çatdıqdan sonra onları geri qaytaracaqlar".

Anonimlik şərti ilə danışan başqa bir sakinin sözlərinə görə, yerli MTN zabiti dindirilmə zamanı onu açıq hədələyib. Soruşub ki, "Arxadağı (Qurbanqulu Berdiməhəmmədov) tənqid edən, xaricdəki müstəqil media qurumları ilə əməkdaşlıq edən vətəndaşların başına nə gəldiyini bilirsən? Sənin iki başın var? Birini kəssən, digəri ilə yaşamağa davam edəcəksən?".

Təhlükəsizlik idarəsinin zabiti Hitrowskin-in adını çəkib, "onun taleyi hamı üçün dərs olmalıdır" deyib, - həmin sakinin sözləridir.

Türkmənistan dünyanın ən repressiv ölkələrindən biri sayılır.