Türkiyə Suriya sərhədinə əlavə qüvvələr toplayır

Foto arxiv

Türkiyə Suriya ilə sərhəd bölgəsinə əlavə qüvvələr göndərir.

Reutersin dekabrın 23-də yaydığı məlumata görə, Türkiyə ordusu Suriya ilə sərhədə 100-ə yaxın hərbi nəqliyyat vasitəsi, hərbi texnika və silah göndərib.

Qeyd edək ki, bu, Türkiyə prezidenti Racep Tayyip Erdoganın, ölkəsinin Suriyanın şimalında yeni hücum əməliyyatını təxirə saldığını deməsindən bir neçə gün sonraya təsadüf edir.

Erdoganın sözlərinə görə, amerikalı həmkarı Donald Trup-la söhbətdən sonra əməliyyatı təxirə salmaq razılığına gəliblər.

Amma yerli “Demirören” agentliyinin məlumatına görə, tanklar və döyüş maşınları da daxil olmaqla Türkiyə ordusunun maşın karvanı sərhəd bölgəsində yerləşən Kilis rayonu istiqamətində hərəkətə keçib.

Məlumata görə, bu hərbi avadanlıqların bir hissəsi sərhəd boyu postlarda yerləşdirilməli, bir qismi isə Elbeyli rayonundan keçərək Suriya ərazisinə daxil olmalıdır.

Türkiyə rəsmiləri hələlik əməliyyat barədə heç birşərh verməyiblər.

Türkiyə hakimiyyəti Suriya ərazisindəki YPG kürd qruplaşmasını terrorçu PKK təşkilatı ilə əlbir olmaqda ittiham edir və dəfələrlə qeyd edib ki, əməliyyatda məqsəd sərhəd bölgəsini terrorçu ünsürlərdən təmizləməkdir.

Onu da qeyd edək ki, Donald Trump bir neçə gün əvvəl ABŞ qoşunlarının Suriyadan çıxarılması barədə qərar qəbul edib.

ABŞ Suriya müharibəsində prezident Bashar Asada qarşı mübarizə aparan üsyançı qrupların, Rusiya ilə İran isə Suriya rejiminin tərəfini saxlayır.