Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan müdafiə paktı sırf müdafiə xarakteri daşıyır və bu sahədə qarşılıqlı dəstəyi nəzərdə tutur. Bunu avqustun 7-də Türkiyə rəsmisi üç regional güc Məkkədə sazişi imzaladıqdan sonra bildirib.
Birgə bəyanatda bildirilir ki, saziş istənilən təcavüz aktına qarşı kollektiv çəkindirmə imkanlarını gücləndirmək məqsədi daşıyır. Üç ölkədən hər hansı birinə silahlı hücum onların hamısına hücum sayılacaq.
Türkiyə rəsmisinin sözlərinə görə, "Məkkə paktı" konkret hər hansı bir tərəfə qarşı yönəlməyib, digər regional dövlətlərin də ona qoşulmasına açıqdır. O əlavə edib ki, saziş bu ölkələr arasında, yaxud onların digər dövlət və təşkilatlarla bağladıqları ikitərəfli və çoxtərəfli razılaşmaları ləğv etmir və ya əvəzləmir.
Bu pakt ABŞ və İsrailin İrana hücumundan sonra Tehranın Körfəz ölkələrinə zərbələri fonunda imzalanıb.
Sazişə imza atan tərəflər ABŞ-nin müttəfiqi olan sünni-müsəlman dövlətləridir.
"Reuters" yazır ki, Məkkə sazişi təxminən bir il davam edən danışıqların nəticəsidir. Həmin vaxt Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirmişdi ki, Ankara əməkdaşlıq və sabitliyin təşviqi üçün daha geniş regional təhlükəsizlik platformasının yaradılmasını dəstəkləyir.
Səudiyyə Ərəbistanı ilə Pakistan arasında mövcud olan saziş tərəflərdən birinə hücumu hər ikisinə hücum sayır. Amma İslamabad indiyədək İranla müharibəyə cəlb olunmaqdan yayınmağa çalışıb və bunun əvəzinə Tehranla vasitəçilik missiyasını yerinə yetirməyə üstünlük verib.