Türkiyənin sanksiyalardan yayınaraq Rusiyaya hərbi mallar satdığı iddia olunur

Türkiyənin ABŞ-ın ixrac nəzarəti və sanksiyalarını pozaraq Rusiyaya Amerika istehsalı olan elektronika, ehtiyat hissələri və digər mallar ixrac etdiyi iddia olunur.

Bu barədə Amerikanın “Wall Street Journal” nəşri ticarət məlumatlarına istinadən yazıb. O da qeyd olunr ki, çatdırılan malların bir hissəsi Rusiya silahlı qüvvələrinin təminatı üçün lazım olan mallardır.

Buna da bax: ABŞ admiralı: Türkiyə NATO-nu seçim qarşısında qoymamalıdır

Qəzetin məlumatına görə, təxminən 13 Türkiyə şirkəti Rusiya bazarına ən azı 18,5 milyon dollar dəyərində plastik, rezin məmulatları və nəqliyyat vasitələri çatdırıb.

O da vurğulanır ki, həmin məhsullar Ukraynaya hücumda iştirak etdiklərinə görə ABŞ-ın sanksiyaları altında olan ən azı 10 rus firması tərəfindən alınıb.

Məlumatda həmçinin bildirilir ki, Türkiyə şirkətləri ABŞ-ın ixrac nəzarətini pozaraq 2022-ci ilin mart ayından oktyabr ayına kimi Rusiyaya ABŞ istehsalı olan 15 milyon dollarlıq liftlər, elektrik generatorları, elektron lövhələr və digər ABŞ istehsalı mallar göndərib.

“Wall Street Journal” Türkiyə avadanlığı alan şirkətlər arasında Rusiya donanması üçün silah sistemləri istehsal edən Rusiyanın “Tactical Missiles” korporasiyasının törəmə müəssisəsini və tüfəng istehsal edən “Promtexnologiya” şirkətinin adını çəkir.

Buna da bax: Ukrayna Putinin birgünlük atəşkəsini rədd edir

Hər iki şirkət ABŞ-ın məhdud siyahısındadır. Moskva və Ankara nəşrin bu dərcinə münasibət bildirməyib.

Bloomberg mənbələrinə görə, Vaşinqton daha əvvəl Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanlarına xəbərdarlıq edib ki, onların Rusiya ilə iqtisadi və maliyyə əlaqələrini saxlaması Moskvaya təzyiq cəhdlərinə mane olur.