Türkiyə Moskva ilə Vaşinqtonun əldə etdiyi razılaşma çərçivəsində Rusiyanın dünya bazarlarına çıxaracağı dizel yanacağının bir hissəsini alacaq. Bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib.
Onun sözlərinə görə, bu razılaşma Türkiyənin enerji təhlükəsizliyi baxımından vacibdir, çünki ölkə bu sahədə qismən Rusiyadan asılıdır.
"Rusiya son aylarda dizel yanacağının ixracına məhdudiyyətlər qoymuşdu. İndi isə onlar Tramp ilə dizel yanacağı üzrə razılığa gəliblər. ... Danışıqlar nəticəsində biz həmin dizel yanacağının bir hissəsini Türkiyə üçün alacağıq", – Bayraktar söyləyib. Nazir tədarükün həcmi və müddəti barədə ətraflı məlumat verməyib.
Oktyabrın 9-da ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə 300 min tondan çox yanacağın dərhal tədarükü barədə razılığa gəldiyini açıqlayıb. Daha 500 min ton yanacaq noyabrda, bir milyon ton "bundan dərhal sonra", üç milyon ton isə "Rusiya neft emalı zavodlarının vəziyyəti nəzərə alınmaqla yaxın vaxtlarda" tədarük olunacaq.
2026-cı il iyulun 8-dən Rusiyada dizel yanacağının ixracına qadağa qüvvədə olub. Trampın bəyanatından bir gün sonra Rusiya baş nazirinin müavini Aleksandr Novak bu qadağanı nəzərdə tutulduğundan daha tez aradan qaldırılacağını bildirib.
Novak oktyabrın 18-də bəyan edib ki, müqavilələr bağlandıqdan sonra Rusiyanın dizel yanacağı 15-20 gün ərzində ABŞ bazarlarına çıxarılacaq.