PKK Türkiyədən qüvvələrini çıxardığını elan edib

PKK döyüşçüləri tərksilah mərasimi zamanı sıraya düzülüblər.

Türkiyə, ABŞ və Avropa İttifaqının (Aİ) terror təşkilatı kimi tanıdığı Kürdüstan Fəhlə Partiyası (PKK) Türkiyə ərazisindən qüvvələrini çıxardığını bəyan edib. Bu, qruplaşmanın silahları təhvil verməsi prosesi çərçivəsində gerçəkləşdirilir. Xəbəri "Reuters" yayıb.

PKK bildirir ki, "azad, demokratik və qardaşcasına" həyatın əsaslarını qoymaq məqsədilə bütün qüvvələrini geri çəkmək qərarı verib. Partiya bəyanatında onu da vurğulayır ki, Ankara kürdlərin inteqrasiyasına dair qanunlar qəbul etməlidir.

Bu silahlı qruplaşma mayda, ömürlük həbs cəzası çəkən lideri Abdullah Öcalanın Türkiyə dövlətinə qarşı silahlı mübarizəni dayandırmaq, silahları yerə qoymaqla bağlı çağırışından sonra özünü buraxdığını elan edib. Yay aylarında Türkiyə, İraq və Suriyadakı kürd qüvvələri silahlarını təhvil verməyə başlayıblar.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təmsilçisi bildirib ki, PKK-nın qüvvələrini çıxarmaq qərarı Ankaranın məqsədinə çatmasının göstəricisidir.

Son illərdə Türkiyənin cənub-şərq sərhədlərindən sıxışdırılıb çıxarılan PKK qüvvələri İraqın şimalına yerləşib. Türkiyə ordusu bu ərazidə kürd bazalarına daimi zərbələr endirir, bir neçə hərbi dayaq məntəqəsi yaradıb. Ankara kürdlərin hüquqlarının qorunduğunu, amma separatçılığa yol verməyəcəyini bildirir.

A.Öcalan 1974-cü ildə solyönlü hərəkat yaradıb, 1978-ci ildə onu Kürdüstan Fəhlə Partiyası adı ilə rəsmiləşdirib. 1979-cu ildə Öcalan Suriyaya keçərək orada silahlı dəstələr formalaşdırıb. 1984-cü ildən partiya Türkiyəyə qarşı silahlı mübarizəyə başlayıb.

1999-cu ildə Ankaranın Dəməşqə təzyiqindən sonra Öcalan Suriyanı tərk etdi. O, Keniyada tutulub Türkiyəyə təhvil verilib. Əvvəlcə ölüm cəzasına məhkum olunub, sonradan bu hökm ömürlük həbslə əvəz edilib. O vaxtdan Öcalan Mərmərə dənizindəki İmralı adasında saxlanılır.

PKK-nın ilkin tələbi müstəqil Kürdüstanın yaradılması idi. Sonradan tələblərini yumşaldıb, Türkiyənin cənub-şərqində kürdlərin hüquqlarının genişləndirilməsini, muxtariyyət verilməsini tələb edib.

Türkiyə ilə PKK arasında bir neçə dəfə barışığa cəhd olub. 2013-2015-ci illərdə atəşkəs qüvvədə olub, Suriya kürdlərinin PKK-ya bağlı silahlı dəstələrinin Suriyanın şimal-şərqində nəzarəti gücləndirməsindən sonra pozulub.