PKK-nın buraxılması ilə bağlı qanun layihəsi Türkiyə parlamentinə təqdim olunub

Sizin brauzer HTML5-i dəstəkləmir

Türkiyənin dönüş nöqtəsi, ya Ərdoğana üçüncü şans: PKK ilə qəfil barışıq nə deməkdir? (Arxiv videosu)

Türkiyə hökuməti avqustun 5-də PKK-nın (Kürdüstan Fəhlə Partiyası) buraxılması və tərksilah olunması prosesini tənzimləyən qanun layihəsini parlamentə təqdim edib.

Qanun layihəsinə əsasən, qətllərdə əli olmayan PKK üzvləri qanun qüvvəyə mindikdən sonra altı ay ərzində Türkiyəyə qayıdarlarsa, cinayət təqibinə məruz qalmayacaqlar.

Sənədə əsasən, PKK-nın buraxılması və silahsızlaşdırılmasının təsdiqi Türkiyə Milli Təhlükəsizlik Şurasına həvalə olunacaq.

PKK ilə bağlı cinayətlərə görə məhkum olunmuş bir çox şəxsin həbs cəzasının icrası təxirə salınacaq.

Qanunun icrasına nəzarət etmək, eləcə də PKK üzvlərinin təslim olması və tərksilah prosesini izləmək üçün vitse-prezident, nazirlər və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbərindən ibarət komitə yaradılacaq.

Qanun layihəsi 1984-cü ildən bəri 40 mindən çox insanın ölümünə səbəb olmuş silahlı münaqişəyə son qoyulması yönündə mühüm addım kimi qiymətləndirilir. Bu münaqişə Türkiyədə dərin parçalanma yaratmış, İraqla Suriya ərazilərində zorakılığı körükləmişdi.

Parlamentdə deputatların əksəriyyəti qanun layihəsini dəstəkləyir və sənədin bu həftənin sonunadək qəbul ediləcəyi gözlənilir.

Amma "Reuters" ictimai rəy sorğularına istinadən yazır ki, cəmiyyətin bir hissəsi bu təşəbbüsün uzunmüddətli sülh gətirəcəyinə şübhə ilə yanaşır.

PKK-ya rəhbərlik etmək kimi ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, yaxud 2005-ci ildən əvvəl ömürlük həbs cəzası alanlar bu güzəştlərdən yararlana bilməyəcəklər. Bu isə 1999-cu ildən ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalanın həbsdə qalacağı deməkdir. Öcalan ötən il PKK-nı silahı yerə qoymağa və özünü buraxmağa çağırmış, təşkilat da bu çağırışı qəbul etmişdi.