'Elliot Rocer' izi: Kahramanmaraş məktəbində 10 nəfər öldürülüb

Təcili yardım maşınları Kahramanmaraşda məktəbin yanında.

Aprelin 15-də Türkiyənin Kahramanmaraş vilayətində məktəbdə baş verən atışmada azı 10 nəfər öldürülüb. Hadisəni törətdiyi deyilən 14 yaşlı şagirdin WhatsApp profilində amerikalı qatilin fotosundan istifadə etdiyi bildirilir. Söhbət 2014-cü ildə ABŞ-də kütləvi qətl törətmiş Elliot Rocerdən gedir.

Bu, son iki gündə Türkiyədə orta məktəbdə ikinci belə hadisədir. İnsident zamanı 20 nəfər yaralanıb.

Türkiyə polisi bildirir ki, ilkin araşdırmalara görə, hücum edən ABŞ-də Santa Barbara yaxınlığında altı kollec tələbəsini öldürmüş Rocerin xatırlandığı fotodan istifadə edib.

Polis ilkin nəticələrə əsasən insidentin terrorla əlaqəsinin olmadığını, fərdi hücum olduğunun ehtimal edir.

Rocer hücumundan öncə internetdə yaydığı manifestdə qadınlarla münasibətlərində uğursuz olmasından narazılığını bildirib. Sonradan bir sıra məktəb atışmalarını törədənlər onu tərifləyiblər.

Türkiyəli yeniyetmənin də eyni motivlə hərəkət edib-etmədiyi bəlli deyil.

Kahramanmaraş Prokurorluğu bildirib ki, hücum zamanı şagird polis əməkdaşı olan atasının beş tapançasından istifadə edib. Məhkəmə atanın istintaq dövründə həbsdə saxlanılmasına qərar verib.

Məktəblinin kompüterində aprelin 11-nə aid sənəd aşkarlanıb. Həmin sənəddə "yaxın gələcəkdə" böyük hücumun baş verəcəyinə işarə olunur.

Polisin məlumatına görə, bu həftə baş verən məktəb atışmalarından sonra Türkiyədə 83 nəfər "cinayət və cinayətkarları tərifləmək" ittihamı ilə saxlanılıb. Hakimiyyət orqanları 940 sosial media hesabına və 93 Telegram-qrupa girişi bloklayıb.