Türkiyədə hərbi hava qüvvələrinin 101 zabiti saxlanıb

Reuters agentliyi Hürriyet qəzetinə istinadən xəbər verir ki, Türkiyədə hərbi hava qüvvələrinin 33 zabiti ABŞ-da yaşayan müsəlman vaiz Fethullah Gülenlə iddia olunan əlaqələrinə görə saxlanıb.

Ankara prokurorları ölkənin 21 vilayətində ümumilikdə 101 hərbi hava qüvvələri zabitinin həbsinə order veriblər.

Həbs edilənlərin arasında briqada generealı və 5 polkovnik var.

Türkiyə hakimiyyət orqanları 2016-cı ildə baş tutmamış çevriliş cəhdindən bəri vaxtaşırı hərbi heyət üzvlərinin həbslərini həyata keçirir.

Türkiyədə indiyədək 160 min nəfər çevrilişlə əlaqədə ittiham edilərək saxlanıb və bir o qədər də insan vəzifələrindən azad edilib.

Türkiyənin Qərb müttəfiqləri kütləvi repressiyaları sərt tənqid edirlər.

Prezident Recep Tayyip Erdoğanın tənqidçiləri deyirlər ki, o baş tutmamış çevrilişdən opponentlərini sıradan çıxarmaq üçün istifadə edir.

Türkiyə hökuməti isə bildirir ki, sərt tədbirlər ölkədə sabitliyin qorunması üçün zəruridir.