Ankara NATO üzvlüyünə müraciət etmiş Finlandiya və İsveçlə danışıqlar zamanı silah embarqosunun qaldırılmasına müsbət yanaşma müşahidə etdiyini bildirib.
Reuters yazır ki, bu barədə mayın 25-də Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın məlumat verib:
"Biz bu görüş zamanı müdafiə sənayesi məhsulları üzərindən embarqonun qaldırılmasına doğru müsbət münasibət gördük”.
İsveç və Finlandiya Ankaranın YPG kürd yaraqlıları ilə mübasirzə üçün Suriyaya müdaxiləsindən sonra Türkiyəyə silah ixracına embarqo qoyub.
Danışıqlardan sonra keçirilən mətbuat konfrasında Kalın bunu da bildirib ki, Türkiyənin terrorizmlə bağlı narahatlığı və bununla əlaqədar atılması mühüm olan konkret addımlar barədə gözləntiləri Finlandiya və İsveç nümayəndələrinə bildirilib.
Buna da bax: Senatda Finlandiya və İsveçin NATO üzvlüyünü dəstəkləyən qətnamə imzalandı
Türkiyənin incikliyi və gözləntiləri
Finlandiya və İsveç Rusiyanın Ukraynaya əsassız və səbəbsiz hücumunun ardınca bu ay NATO üzvlüyü üçün rəsmi müraciət edib.
Türkiyə bu iki ölkənin alyans üzvlüyünə qarşı olduğunu bəyan etməklə NATO müttəfiqlərini heyrətləndirmişdi.
Ankara Finlandiya və İsveçi Kürdüstan İşçi Partiyası – PKK-nın və Amerikada yaşayan müsəlman vaiz Fethullan Gülenin tərəfdarlarını himayə etməkdə günahlandırmışdı.
Hər hansı bir ölkənin NATO üzvlüyünə qəbul edilməsi üçün alyansa üzv 30 ölkənin hamısının razılığı zəruridir.
Türkiyə həm də narazılıq edir ki, NATO və Qərb onun 2019-cu ildə YPG kürd birləşmələrinə qarşı hərbi kampaniyasına dəstək verməyiblər.
Ankara o vaxt Suriyanın şimalında 1 milyon Suriya qaçqınını yerləşdirmək və burada bufer zonası yaratmaq planlarını açıqlamışdı.