Türkiyə və Ermənistan bəzi pasport sahibləri üçün vizanı pulsuz edir

Türkiyə ilə Ermənistanın sərhədləri 1990-cı illərdən bağlıdır.

2026-cı il yanvarın 1-dən Türkiyə və Ermənistanın diplomatik, xidməti və xüsusi pasport sahibləri elektron vizanı (e-viza) pulsuz əldə edə biləcəklər. Bu haqda hər iki ölkənin xarici işlər nazirlikləri məlumat yayıb.

Tərəflər bu addımın Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi çərçivəsində atıldığını bildiriblər. İki ölkənin xarici işlər nazirlikləri oxşar mətnli bəyanat yayıblar.

"Türkiyə və Ermənistan bir daha iki ölkə arasında heç bir ilkin şərtsiz... normallaşma prosesini davam etdirmək öhdəliklərini təsdiqləyir", – bəyanatda deyilir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bir gün öncə Türkiyə ilə intensiv və çox müsbət dialoqun aparıldığını, "böyük, hiss olunacaq" irəliləyiş əldə etməyin vaxtı çatdığını demişdi.

Türkiyə ilə Ermənistanın sərhədləri 1990-cı illərdən bağlıdır, iki qonşu ölkə arasında rəsmi diplomatik əlaqə olmayıb. Bunun əsas səbəbi Azərbaycanla Ermənistan arasında 30 ildən çox davam edən müharibə olub. Digər ziddiyyət isə 20-ci əsrin əvvəllərində Osmanlı Türkiyəsində ermənilərin kütləvi öldürülməsi ilə bağlıdır. Yerevan həmin hadisələri "soyqırımı" adlandırır, Ankara isə ölü sayının şişirdildiyini, ölənlərin vətəndaş müharibəsi nəticəsində həlak olduğunu bildirir.

Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra Türkiyə ilə Ermənistan da əlaqələri normallaşdırmaq yönündə fəaliyyət göstərib, barışıq, sərhədlərin açılması üzrə xüsusi elçilər təyin ediblər.