Özəl məktəblərin təhsil haqqı ilbəil artır. Valideynin şikayəti yenidən araşdırılacaq

Bakı Atatürk Liseyi

Yeni tədris ilində aktual məsələlərdən biri də özəl məktəblərdə təhsil haqlarının artırılmasıdır. Bir çox valideynlər liseylərin ilbəil ödənişləri artırmasından narazılıq edirlər.

Liseylərdə ödənişlərlə bağlı mübahisələr bəzən məhkəmə müstəvisinə çıxır. Təhsil haqqı ilə əlaqədar hazırda davam edən məhkəmə proseslərindən biri də Bakı Atatürk Liseyi ilə bağlıdır.

Valideynlər 2019-cu ildən başlayaraq beş il ərzində liseydə təhsil haqqının üç dəfədən çox – 1 min 200 manatdan 4 min manatadək artırıldığını bildirirlər. Valideynlər öncə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət ediblər. Dediklərinə görə, bu artımın müqaviləyə uyğun hansı zərurət və səbəblərdən (inflyasiya, maddi-texniki bazanın gücləndirilməsi və s.) qaynaqlandığı əsaslandırılmayıb.

Bu qurumdan valideyn G.M.-ya cavab gəlib ki, istehlakçıların hüquqlarının pozulması hallarının qarşısını almaq məqsədilə liseyin nümayəndəsi ilə görüş keçirilib, qanunvericiliyin tələbləri, Dövlət Xidmətinin gözləntiləri onların nəzərinə çatdırılıb. Əlavə olunub ki, liseylə aralarındakı mübahisə ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Ardından təhsil haqqının artırılması ilə əlaqədar Atatürk Liseyindən çıxarıldığı bildirilən bacı-qardaşların valideyni məhkəməyə üz tutub.

Valideyn təhsil haqqının 50 faizini ödədiyini deyir

Valideyn ərizəsində göstərib ki, ötən il aprelin 29-da mobil telefonuna 2025-2026-cı tədris ili üzrə təhsil haqqının artırılacağı barədə mesaj göndərilib. Şagird qeydiyyatının yenilənməsi üçün müraciət edilməsi istənilib. Lakin mesajda yeni təhsil haqqının məbləği barədə məlumat verilməyib. Atatürk Liseyinin məlumat mərkəzinə gedərək oradan yeni ildən məbləğin 4 min manat olduğunu öyrənib.

Şikayətçi qeyd edir ki, şagird qeydiyyatının yenilənməsi müddətinin bitməsinə az qaldığı bir vaxtda övladlarının hər biri ilə bağlı müqavilə üzrə təhsil haqqının 50 faizi – 2 min manat olmaqla, ümumilikdə 4 min manat ödəyib. Lakin bir gün sonra ona SMS gəlib ki, liseylə onun arasında övladlarının növbəti tədris ilində təhsilini davam etdirməsi haqda yeni müqavilələr bağlanmayacaq. Ödədiyi 4 min manat da geri qaytarılıb.

Müqavilənin uzadılmamasına əsas kimi ödənişin vaxtında olunmaması göstərilib.

İddiaçı valideyn isə hesab edir ki, övladlarına qarşı qərəzin və yeni müqavilələr bağlanmamasının əsas səbəbi qiymət artımından onun başqa valideynlərlə birlikdə liseyin tabe olduğu Türk Dünyası Araşdırmaları Vəqfinə şikayət etmələridir: "Bizim şikayətimizdən lisey rəhbərliyi qəzəblənib. Öz hüquqlarından sui-istifadə edərək, ikisi mənim övladlarım olmaqla, beş nəfər şagirdi liseydən çıxarıblar, digərlərinə isə xəbərdarlıq ediblər".

Valideyn ərizəsində övladlarını başqa məktəbə keçirmək məcburiyyətində qaldığını və bunun onların psixoloji durumuna mənfi təsir göstərdiyini bildirir.

Məhkəmədə iddiaçı valideynlə yanaşı, liseydən kənarlaşdırılan başqa şagirdlərin də valideynləri şahid kimi dindirilib. Onlar şikayətləniblər ki, övladları bu liseydə təhsil almağa başlayarkən illik 1 min 200 manat olan ödəniş 4 min manatadək artıb, bu da ciddi maddi problemlər yaradır.

Nərimanov rayon Məhkəməsi

Lisey iddiaları qəbul etmir

Atatürk Liseyi iddiaları qəbul etmir, müqavilənin ödəniş gecikdiyi üçün imzalanmadığını bildirib. Liseyin nümayəndəsi məhkəmədə deyib ki, valideynlərlə imzalanmış müqavilə həmin ilin sonunadək qüvvədə olur. Növbəti tədris ilinin ödənişləri aprelin sonuna qədər həyata keçirilir, müqavilədə də bu hal göstərilib. Nümayəndə vurğulayıb ki, valideynlərə vaxtında bildirişlər göndərilir, onlar vaxtında liseyə yaxınlaşıb müqaviləni uzatmalıdır.

Nümayəndə əlavə edib ki, şagirdi məktəbdən valideyni çıxarıb, lisey yox.

Tərəflər arasında bağlanmış təhsil xidmətləri barədə müqavilələrin 5.3-cü bəndində isə göstərilib ki, valideyn növbəti tədris ili üçün təhsil haqqının 50 faizini ən geci mayın 15-dək ödəməlidir.

Nərimanov rayon Məhkəməsi G.M.-nın Atatürk Liseyinə qarşı şikayətini təmin etməyib. Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. Bugünlərdə işə baxan Ali Məhkəmə isə hesab edib ki, liseyə qarşı şikayət hərtərəfli araşdırılmayıb. Ona görə də qərar verib ki, iş apellyasiya məhkəməsinə qaytarılsın və yenidən araşdırma aparılsın.

Bir tərəfin diktəsi ilə baş verirsə...

Hüquqşünas Yalçın İmanov deyir ki, Mülki Məcəllənin 390-cı maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad şəkildə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Amma müqavilələr qanunun tələblərinə zidd olmamalıdır, istehlakçı hüquqlarını pozmamalıdır.

Y.İmanov bildirir ki, özəl məktəblərdə təhsil haqlarının qiyməti tərəflər arasında imzalanan müqavilədə nəzərdə tutulur. Bunun gələcəkdə artıb-artmaması müqavilənin şərtlərindən asılıdır: "Tərəflərin müqavilə şərtlərini qarşılıqlı razılıq əsasında müəyyən etmək hüquqları var. Müqaviləyə gələcəkdə dəyişiklik edilə bilər, amma bu, mütləq tərəflərin razılığı ilə olmalıdır. Dəyişikliyi hər iki tərəf azad şəkildə qəbul edirsə, bu qanunidir. Yox, bir tərəfin diktəsi ilə baş verirsə, bu, müqavilə şərtlərinin pozulmasıdır".

Hüquqşünas deyir ki, dəyişiklik tərəflərdən birinin mövqeyinə əhəmiyyətli dərəcədə zərər vurmamalıdır, müqavilənin bəndlərində dəyişiklik olanda öncədən qarşı tərəf vaxtında xəbərdar edilməli, dəyişiklik əsaslandırılmalıdır.