Qazaxıstanda liseylərin adından 'türk' sözü götürülüb

Astanada türk liseyi

Qazaxıstandakı qazax-türk liseylərinin adını dəyişib "Bilim" innovasiya liseyləri qoyurlar.

Məktəblərin sponsorlarının sözlərinə görə, liseylərin yalnız adı dəyişdirilir, tədris proqramı isə əvvəlki kimi qalacaq. Mütəxəssislər hesab edirlər ki, bu addəyişmənin siyasi səbəbləri var.

SİYASƏT VƏ İDEOLOGİYANIN TƏSİRİ

Beynəlxalq KATEV fondu bu addəyişmənin Qazaxıstanın müstəqilliyinin 25-ci ildönümünə həsr edildiyini bildirir. Məlumatda bu qərarın ölkənin təhsil nazirliyi ilə birlikdə verildiyi də vurğulanır. Fondun rəsmisi bildirib ki, dəyişən ancaq addır, tədris olduğu kimi qalacaq.

"Tədris proqramı əvvəlki kimi qalacaq. Qızlar və oğlanlar yenə ayrı-ayrı oxuyacaqlar. Liseylərin yalnız adı dəyişəcək", deyə o bildirib.

Buna da bax:​ Qazaxıstan yeni təhsil sisteminə keçir

Lisey məzunlarından biri Almas Saparbek bu addəyişməni Türkiyə hökumətinin təzyiqlərindən sonra atılan məcburi addım hesab edir.

"Qazaxıstandakı qazax-türk liseyləri ən yaxşı tədris müəssisələrindən sayılır. Liseylər müstəqil brend kimi formalaşıb. Hələ də bir çox uşaq bu liseylərə daxil olmaq istəyir. Bu addəyişmə, siyasətin təhsil sahəsinə qarışdığını göstərir", Almas Saparbek deyir.

“MƏSƏLƏ ADDA DEYİL”

Politoloq Gulmira Sultanbayeva isə hesab edir ki, liseylərin adının dəyişdirilməsindən narahat olmağa dəyməz: "Tanınmış şirkətlərin adlarının dəyişdirilməsi, rebrəndinq prosesi normal haldır. Əsas məsələ adda yox, təhsilin keyfiyyətindədir".

"Vacib olan qazax-türk liseylərində milli ideologiya məsələlərinin tutduğu yerdir. Bir neçə liseydə olmuşam. Uşaqları türkpərəst ruhda tərbiyə etdikləri bilinir. Binalarda türk videoları göstərilir, türk musiqisi çalınır. Nazirlik bu məktəbləri ildə bir dəfə yoxlayır. Nazirlik bu liseylərdə tədris prosesini və tərbiyə metodlarını daha tez-tez yoxlamalıdır", Gulmira Sultanbayeva deyir.

Buna da bax:​ Bir çox ölkələrdə Gülen məktəbləri bağlanıb

Son iki ildə Ankara Astanadan "gülençi" məktəbləri bağlamağı xahiş edirdi. 2014-cü ilin aprelində ölkənin təhsil və elm nazirliyi qazax-türk məktəblərinin bağlanmayacağını bildirdi.

GULEN-LƏ ƏLAQƏLƏR YOXLANACAQ

Bu ilin iyulunda Türkiyədəki uğursuz dövlət çevrilişindən sonra bu ölkənin Qazaxıstandakı səfiri Nevzat Uyanık Qazaxıstanda da Gülen hərəkatı ilə bağlı özəklərin olduğunu söyləyib. Səfir Astananı "Gülenlə bağlı" tədris müəssisələrini qapatmağa çağırıb.

Avqustun 6-da Türkiyə prezidenti Recep Tayyip Erdoğanla görüşən Qazaxıstan prezidenti Nursultan Nazarbayev türk həmkarını əmin edib ki, qazax və türk mütəxəssislərindən ibarət xüsusi komissiya liseylərin Fethullah Gülenlə əlaqəsinin olub-olmadığını yoxlayacaq.

Avqustun 18-də Təhsil və elm naziri Yerlan Sagadiyev bildirib ki, "qazax-türk liseyləri bizim öz qazax məktəblərimizdir və standartlarımıza tam uyğun fəaliyyət göstərirlər". "Biz onları dəfələrlə yoxlamışıq. Onlara qarşı heç bir iradımız yoxdur. Liseylər işləməyə davam edəcək", Sagadiyev deyib.

Buna da bax:​ Türk liseyinin məzunu: «Nə itirdiyimiz bundan sonra daha aydın görünəcək»

MÜƏLLİMLƏR TAPIRLAR

KATEV fondunun təlim-tərbiyə işləri üzrə vitse-prezidenti Nurbol Tolebayev bütün qazax-türk liseylərinin dövlət müəssisələri olduğunu vurğulayıb. "Təhsil və elm nazirliyi müəllimlərin maaşı, kommunal xərclərin ödənilməsi üçün vəsait ayırır", deyə o əlavə edib.

Nurbol Tolebayev-in sözlərinə görə, fondun əsas işi tədris müəssisələri üçün ixtisaslı müəllimlər və rəhbərlər tapmaqdır.

KATEV beynəlxalq ictimai fondu 1997-ci ildə yaradılıb. Fondun təsisçiləri üç Qazaxıstan vətəndaşıdır.

Qazax-türk liseyləri isə hələ 1992-ci ildə, Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə Türkiyənin o zamankı prezidenti Turgut Ozalın imzaladığı saziş əsasında yaradılıb. Hazırda Qazaxıstanda 27 qazax-türk liseyi fəaliyyət göstərir. Liseylərdə qızlar və oğlanlar həm ayrı, həm də birlikdə oxuyurlar.