Hazırda mühacirətdə yaşayan bloqer Tural Sadıqlının atası və anasının Azərbaycandan çıxışına qadağa qoyulduğu bildirilir. Bu barədə məlumatı bloqerin özü paylaşıb.
T.Sadıqlının açıqlamasına görə, mayın 15-i səhər saatlarında Bakı hava limanında Avropaya getmək istəyən atası və anası sərhəddən buraxılmayıb: "Onlara Daxili İşlər Nazirliyi tərəfindən ölkədən çıxışlarına qadağa qoyulduğu bildirilib. Beləliklə, 74 yaşlı atam və 71 yaşlı anam səhhətlərində problem olduğu halda geri qayıtmaq məcburiyyətində qalıblar".
Bloqer vurğulayır ki, valideynlərinin heç bir cinayət əməli yoxdur və onlar hər hansı cinayət işində şahid qismində tanınmırlar. O, bu addımın birbaşa özünün siyasi fəaliyyətinə görə qisas xarakteri daşıdığını iddia edir: "Ötən il əmim Elmir Sadıqovu şərləyərək həbs etdilər, lakin bununla ürəkləri soyumadı. Barəmdə qiyabi 14 il həbs cəzası çıxardılar, yenə də kifayətlənmədilər...".
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və digər rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
T.Sadıqlının əmisi Elmir Sadıqov ötən il oktyabrın 1-də Sabunçu Rayon Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah-sursat saxlama) maddəsi ilə təqsirli bilinib. Bloqerin qardaşı Əlövsət Sadıqlı əmisinin günahsız olduğunu və məhkəmənin qeyri-obyektiv aparıldığını bildirib.
Xatırlatma
Azərbaycan hakimiyyətinə qarşı kəskin tənqidləri ilə tanınan T.Sadıqlının yaxınları son illər ərzində bir neçə dəfə hüquqi təqiblərə məruz qalıblar. Digər qardaşı Elgiz Sadıqlı da narkotik vasitələrin qanunsuz dövriyyəsi və polisin qanuni tələbinə tabe olmama ittihamları ilə həbs olunub. Ailə üzvləri bu həbsləri birbaşa T.Sadıqlının bloqerlik fəaliyyəti ilə əlaqələndirsələr də, hüquq-mühafizə orqanları bu iddiaları rədd edir.
Ötən il Baş Prokurorluğun təqdimatı əsasında xaricdə yaşayan bir sıra bloqerlər haqqında qiyabi həbs-qətimkan tədbiri seçilib. Həmin il dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsinin qiyabi hökmü ilə T.Sadıqlı dələduzluq və kütləvi iğtişaşlara çağırış maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilib. Sadıqlı bütün bu ittihamları "şər-böhtan" adlandırır.