Tural Sadıqlının yaxınları Bakıda aksiya keçirdi

Tural Sadıqlı

Bu gün, iyunun 1-də xaricdə yaşayan bloqer Tural Sadıqlının yaxınları Bakıda Prezident Administrasiyasının qarşısına yürüş edib. Özləri və onlara qoşulan vətəndaşlar da bildirib ki, Azərbaycan hökumətini sərt tənqid edən bloqerin həyatı təhlükədədir.

Bloqerin atası Əlövsət Sadıqlı: "Avropaya killer göndəriblər, oğlumu öldürmək istəyirlər. Tural Sadıqlı reallığı danışır. Həqiqətləri danışanda insanı öldürmürlər, onu dinləyirlər. Oğluma əsassız üç cinayət işi açılıb, beynəlxalq axtarışa verilib. İndi isə sui-qəsd təşkil olunub. Mən bura İlham Əliyevə etiraz etməyə gəlmişəm…".

Lakin o, işin detalları haqqında bilgi verməyib. Aksiyaya və orada səslənən fikirlərə də rəsmilərdən, hələlik, münasibət almaq mümkün olmayıb. Amma hələ bir neçə il əvvəl Azərbaycan Baş Prokurorluğu bildirmişdi ki, T.Sadıqlı ilə birlikdə daha bir neçə mühacirlə bağlı kütləvi iğtişaşlara çağırışlar etmə və başqa məsələlərlə əlaqəli cinayət işi açılıb.

Hadisə yerində olan polis əməkdaşları isə T.Sadıqlının valideynlərinə bildiriblər ki, maşın ayrılır və Prezident Administrasiyasının Nərimanov rayonunda yerləşən yeni qəbul şöbəsində onları qəbul edəcəklər, fikirlərini dinləyəcəklər. Lakin dəfələrlə məktubla prezidentə müraciət etdiyini deyən Ə.Sadıqlı qəbula getməkdən imtina edib.

Polis əməkdaşları aksiya iştirakçılarına Prezident Administrasiyasının inzibati binasına yaxınlaşmağa imkan verməyib. Aksiya insidentsiz başa çatıb, saxlanılan olmayıb.

Hazırda mühacirətdə olan T.Sadıqlı hakimiyyətə sərt tənqidləri ilə tanınır. Son illər Azərbaycanda bir neçə dəfə onun yaxınları saxlanıb. Hətta narkotik və polisin qanuni tələbini yerinə yetirməməkdə günahlandırılan qardaşı Elgiz Sadıqlı həbsdə də olub. Onlar saxlanma və həbsi T.Sadıqlıya görə şərlənmələri ilə izah ediblər. Amma hüquq-mühafizə orqanları belə dəyərləndirmələri qəbul etməyiblər.