İşçi Masasının üzvü yazdığı statusa görə polisə aparıldığını deyir

Tural Fərzili

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Tural Fərzilinin sərbəst buraxıldığı bildirilir.

Onun özü “Turan” Agentliyinə deyib ki, polislə bağlı yazdığı son tənqidi statusa görə, Xətai Rayon Polis İdarəsinə aparılıb:

"Orada çox mədəni davranıblar və sonra sərbəst buraxıblar".

***

Bundan əvvəl verilən xəbərdə İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Tural Fərzilinin saxlanıldığı deyilirdi.

Fərzilinin yaxınları bildiriblər ki, oktyabrın 27-də axşam saat 18:30 radələrində o onlara mesaj yazaraq iş yerinə polis əməkdaşlarının gəldiyini və onlarla getdiyini deyib.

Yaxınlarının sözlərinə görə, hazırda T.Fərzili ilə əlaqə saxlamaq mümkün deyil.

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının koordinatoru Afiəddin Məmmədov sentyabrın 20-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü ( xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Təşkilatın daha iki üzvü Elvin MustafayevAyxan İsrafilov da həbsdədir. Onlara qarşı isə CM-nin 234.4.3-cü maddəsi ( Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama - küllü miqdarda) ilə cinayət işi açıldığı deyilir.

Onların üçü də özlərini təqsirli bilmir.

Hüquq müdafiəçilər onların həbsini siyasi motivli hesab edir.

Hökümət nümayəndələri isə Azərbaycanda siyasi motivli həbslərin olmadığını söyləyirlər.

Bütün bu deyilənlərlə bağlı Xətai Rayon Polis İdarəsi və Daxili İşlər Nazirliyi (DİN) ilə isə danışmaq mümkün olmayıb.