Tuapseyə yenə dron hücumu olub, neft emalı zavodu yanır

Əvvəlki hücumlardan birindən sonra Tuapse

Tuapseyə dron hücumundan sonra neft emalı zavodunda yanğın baş verib. Bu barədə Krasnodar diyarının operativ qərargahı məlumat yayıb. Xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi daxil olmaqla 122 nəfər və 39 texnika cəlb olunub.

Ukraynanın "Exilenova+" Telegram monitorinq kanalı iddia edir ki, əvvəlki zərbədən zavodun rezervuar parkının böyük hissəsi zədələnib və ya dağıdılıb. Kanalın məlumatına görə, hazırda zavodun bir neçə rezervuarının yandığı ehtimal olunur. Yerli sakinlər alovun üçüncü rezervuara keçdiyini yazırlar. Ukrayna tərəfi hələlik hücumla bağlı şərh verməyib.

Bu il aprelin 16-da və 20-də bu neft emalı zavodu artıq dron hücumuna məruz qalmışdı. Rezervuar parkında başlayan güclü yanğın bir neçə gün davam etmiş, onlarla kilometr məsafədən görünmüşdü. Yanan məhsulların qalıqları atmosferə yayılmış, leysan yağışlar Tuapse çayında suyun səviyyəsini qaldırmışdı. Daha əvvəl çaya axan neft məhsulları qoruyucu baryerləri aşaraq Qara dənizin akvatoriyasına daxil olmuşdu.

Rusiya Müdafiə Nazirliyi aprelin 28-nə keçən gecə Astraxan, Volqoqrad, Kursk və Rostov vilayətləri, Krasnodar diyarı, ilhaq olunmuş Krım, Qara və Azov dənizlərinin akvatoriyaları üzərində 186 dronun vurulduğunu açıqlayıb.

Ukraynaya zərbələrdə yaralananlar var

Ukraynanın Zaporojye və Sumı vilayətlərinə Rusiyanın hücumları nəticəsində altı nəfər yaralanıb. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya qoşunları ötən gecə Ukraynaya 123 dron buraxıb, onlardan 95-i vurulub.