Trump-un elan olunmayan tibbi müayinəsi müəyyən suallar doğurub

Trump, Texas, 17 oktyabr 2019

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump Walter Reed adına milli tibb mərkəzində müayinədən keçib. Bu barədə Ağ Evin mətbuat katibi Stephanie Grisham məlumat verib.

«Prezident sağlamdır, enerjilidir, hər hansı çikayəti yoxdur. Bunu həftədə bir neçə dəfə minlərlə amerikalıların qarşısında etdiyi təkrarlanan enerjili çıxışları da sübut edir" deyə o bildirib.

Donald Trump-ın prezidentin cədvəlində yer almayan tibb mərkəzinə etdiyi səfər sosial şəbəkə istifadəçiləri arasında müəyyən suallar yaradıb. Tibb mərkəzinə əvvəlki ziyarətlərindən fərqli olaraq, prezidentin bu dəfəki müayinəsi əvvəlcədən elan olunmayıb.

Trump bundan əvvəl bu ilin fevral ayında müayinədən keçib. Həmin vaxt həkimlər onun sağlamlığını "çox yaxşı" olaraq xarakterizə etdilər.

Ağ Evin işçiləri bir qayda olaraq, prezidentin tibbi müayinəsinin nəticələrinin bu və ya digər hissəsini dərc etməkdə özləri qərar qəbul edirlər. Trump özünün sağlamlığı ilə bağlı məlumatları açıqlamağa borclu deyil və prezidentin tibbi müayinədən keçirilməsində də xüsusi qaydalar yoxdur.