Trump: “Biz Talibanla danışmaq istəmirik”

Əfqanıstanda bir neçə dəhşətli terror hücumlarının ardınca ABŞ prezidenti Donald Trump deyir ki, Vaşinqton Talibanla danışıqlar aparmaq istəmir.

Bu barədə yanvarın 29-da BMT Təhlükəsizlik Şurasının nümayəndələri ilə danışan Trump deyib ki, “belə bir danışıqların aparıla biləcəyi vaxt gələ bilər, amma bu, çox uzun vaxt olacaq”.

Son həftələrdə Kabildə bir neçə ölümcül hücumlar törədilib. Yanvarın 27-də avtomobildə törədilmiş bomba partlayışı nəticəsində 100-dən artıq insan həlak olub. Bu hücuma görə məsuliyyəti üzərinə Taliban götürüb.

Bu hücumdan sonra Donald Trump bütün ölkələri Talibana qarşı “qətiyyətli hərəkətə” çağırıb.

O deyib ki, “bu qatil hücumu, bizim və əfqan partnyorlarımızın qətiyyətini gücləndirib”.

Yanvarın 29-da Ağ Evdə danışan Trump deyib ki, “biz Əfqanıstanda bitirməli olduğumuz işi bitirməliyik”.

Prezident bildirib ki, “solda və sağda, hər tərəfdə uşaqlar da daxil günahsız insanlar öldürülür” və “Talibanla danışıqlardan söhbət gedə bilməz”.

Bu ayın əvvəllərində Kabildəkli bir otelə 13 saat davam edən hücum zamanı bir neçə amerikalı öldürülüb və yaralanıb.