Senatorlar Trumpla Çin şirkətini müzakirə ediblər

ABŞ prezidenti Donald Trump

ABŞ prezidenti Donald Trump iyunun 20-də, respublikaçı konqresmenlərlə görüşüb. Bundan əvvəl Senat, Ağ Evin, Çinin telekommunikasiya nəhəngi ZTE -lə biznes əlaqələrinin davam etdirilməsi ilə bağlı planını bloklamışdı.

Çinin bu şirkətinin ABŞ-ın İran və Şimali Koreyaya qarşı sanksiyalarına qarşı çıxdığı bildirilir.

İttihama görə ZTE bu ölkələrə həssas texnologiyalar satıb.

Trump deyirdi ki, ZTE ABŞ şirkətləri ilə əməkdaşlığı davam etdirsin, amma sanksiyaları pozduğu üçün əlavə bir milyard dollar ödəsin.

Amma onun Konqresdəki opponentləri dedilər ki, bu şərt ZTE üçün çox asandır və şirkətin fəaliyyətini bloklamaq barədə qərar qəbul etdilər.

İyunun 20-də keçirilən görüşdə iştirak edən Ağ Ev rəsmiləri deyiblər ki, onlar ZTE -ə qoyulan məhdudiyyətlərin azaldılmasını təklif ediblər.

Amma Senatda demokratların lideri Chuck Schumer respublikaçılara səslənib ki, onlar Senatın mövqeyini yumşaltmasınlar.