Trump acı sözlərinə görə peşman olub?

Sizin brauzer HTML5-i dəstəkləmir

Trump NATO və Rusiya ilə əməkdaşlıq edəcəyini deyir

ABŞ prezidentliyinə namizəd Donald Trump ilk dəfə etiraf edib ki, seçki kampaniyasında dilindən çıxan bəzi acı sözlər bəlli insanların qəlbini qırmış ola bilər. O, qızğın debatların gedişində söylədiyi həmin sözlərə görə təəssüf hissi keçirdiyini bildirib:

«MƏNİM DƏ BAŞIMA GƏLİB»

«Bəzən müxtəlif məsələlərlə bağlı sərt mübahisələrdə düzgün ifadələr seçmirsən, yaxud yanlış sözlər söyləyirsən. Bu, mənim də başıma gəlib. İstəyirsiniz inanın, istəyirsiniz yox, amma mən buna görə çox təəssüflənirəm, özəlliklə belə sözlər insanların qəlbinə toxunubsa».

Respublikaçı namizəd bu sözləri Şimali Karolina ştatının Şarlott şəhərindəki mitinqdə çıxışında - hazır mətndən oxuyub.

Trump-ın peşmanlıqla bağlı sözləri onun seçki kampaniyasında açıq-aşkar böhran gözə dəydiyi bir vaxta təsadüf edir. O, çərşənbə günü komandasında köklü dəyişikliyə getdiyini, seçki kampaniyasına yeni rəhbər təyin etdiyini açıqlamışdı. Səsvermə gününə belə az vaxt qaldığı halda belə rəhbər dəyişikliyinə seçki kampaniyaları tarixində nadir hallarda rast gəlinir.

TRUMP-A BAŞAĞRISI VƏ ARTIQ YÜK GƏTİRƏN ŞƏXS

Respublikaçı namizədin seçki kampaniyasının sabiq rəhbəri Paul Manafort əvvəllər avtoritar rejimlərə, konkret deyilsə, Yanukovych-in hakimiyyəti dövründə Ukrayna hakimiyyətinə siyasi məsləhət xidməti göstərməkdə ittiham olunurdu. Bir neçə konqresmen onun Rusiya ilə gizli biznes əlaqələrinin araşdırılmasını da təklif etmişdi. Trump-ın Putin-lə müttəfiq kimi qələmə verilməsində Manafort obrazının rolu az deyildi. Bir sözlə, seçki kampaniyasının rəhbəri kimi mühüm postu tutan və namizədin imicinə xidmət etməli olan bir şəxs, əslində, Trump-a başağrısı və artıq bir yük gətirmişdi.

Buna da bax - Trump: Obama bəlkə də ən pis ABŞ prezidentidir

Sizin brauzer HTML5-i dəstəkləmir

Trump: Obama bəlkə də ən pis ABŞ prezidentidir

TRUMP MÜLAYİMLƏŞİR

Manafort-un yerinə aqressiv media rəhbəri Stephen Bannon-u götürməsi Trump-ın öz çıxışlarının sərtliyini daha da artıracağını düşünməyə əsas versə də, o, publika önünə tam yeni aurada çıxıb. Daha mülayim və cəmiyyətin bütün təbəqələrini qucaqlayıcı bir nitq söyləyən Trump «ölkənin unudulmuş, amma parlaq gələcəyə ümid bəsləyən hərqarışının, eləcə də heç kəsin onları dinləmədiyini görüb, ümidsizliyə qapılmış hər şəxsin» səsi olacağını vəd edib.

Bu günlərdə Trump onun Ağ Ev arzusunun reallaşmasında, yaxud puça çıxmasında həlledici rol oynaya biləcək ştatlarda təşviqata 5 milyon dollar xərcləyib. Siyasi reklam izləyicisi «Kantar Media»nın məlumatına görə, Nyu-Yorklu biznesmen qarşıdakı 10 gündə Florida, Şimali Karolina, Ohayo və Pensilvaniya ştatlarında televiziya reklamlarına yer saxladıb. Bu, seçkilərə 81 gün, erkən səsverməyə isə cəmi 5 həftə qaldığı bir vaxtda Trump-ın reklama ayırdığı ilk vəsaitdir. Halbuki, rəqibi Hillary Clinton demokratların vahid namizədi kimi irəli sürüldüyündən bəri 10 ştatda siyasi reklama 75 milyon dollar xərcləyib.

«DƏRİSİ HANSI RƏNGDƏ OLSA DA...»

Rəy sorğuları əksər qaradərili seçicinin respublikaçı namizədə səs verməyəcəyini göstərir. Yumşalmış Trump son çıxışını, demək olar, bütünlüklə onlara həsr edib: «Bu ölkədə «Amerika Arzusu», dərisi hansı rəngdə olsa da, hər bir uşağı qucaqlamayanacan nəfəsimi dərməyəcəyəm». O, rəqibi xanım Clinton-u qaradərililərə yalnız bir səs kimi baxmaqda, onlara daha yaxşı gələcəyə layiq bir insan kimi yanaşmamaqda günahlandırıb. Trump afro-amerikalıları ona bir şans verməyə çağıraraq deyib: «Yeni bir şeyə can atmaqla nə itirəcəksiniz, axı?».

Clinton-un seçki qərargahından bildiriblər ki, Trump-ın peşmanlıq barədə söylədikləri kağızdan oxunan quru sözlərdən başqa bir şey deyil.

SEÇKİ GÖSTƏRƏCƏK

Trump-ın özünüyeniləməsinin işə yarayıb-yaramayacağını seçki sonucları göstərəcək.