Trump Milli Təhlükəsizlik Agentliyi direktorunun vəzifəsinə namizəd təqdim edib

Prezident Donald Trump Milli Təhlıükəsizlik Agentliyinin (MTA) növbəti direktoru və ABŞ kibernetik komandanlığının rəhbəri vəzifələrinə general-leytenant Paul Nakasone-nin namizədliyini təqdim edib.

Trump-ın kibertəhlükəsizlik müaviri Rob Joyce prezidentin namizədi barədə fevralın 14-də yazdığı tvitdə Nakasone-nin kibernetik təhlükəsizlik sahəsindəki təcrübəsini tərifləyib.

Əgər namizədliyi Senat tərəfindən təsdiq edilərsə, Nakasone ABŞ-ın ən mötəbər kəşfiyyat postlarından birini tutacaq.

O hazırda ABŞ kiberhərbi qüvvələrinin komandanıdır.

Nakasone-nin atası - təqaüdə çıxmış ordu polkovniki və alim Edwin Amerikaya mühacirət etmiş yaponların ikinci nəslinin nümayəndəsidir.

MTA son illərdə məxfi materiallarının sızması ilə bağlı ağır zamanlar yaşayıb.

Nakasone-nin namizədliyinin irəli sürülməsi həm də bir-birinə bağlı iki postun bir əldə cəmləşdirilməsi məqsədini güdür. Bunlardan biri kəşfiyyat, digəri isə kiberqüvvələrə komandanlıqdır.

MTA-nın hazırkı direktoru Mike Rogers bu yaz təqaüdə çıxacağını bəyan edib.