Tramp: Hindistan Rusiya neftindən imtina etməyə razılaşıb

Donald Tramp və Narendra Modi Ağ evdə birgə mətbuat konfransında.

ABŞ prezidenti Donald Tramp deyir ki, Hindistanın baş naziri Narendra Modi ilə danışıq aparıb və Modi Rusiyadan neft alışını dayandırmağa razılaşıb. Bunu Tramp "Truth" sosial şəbəkəsində yazıb.

Rusiya Ukraynaya müdaxiləyə başlayandan Hindistan Qərb sanksiyaları altındakı Rusiya neftini böyük həcmdə və endirimli qiymətlərlə almağa başlayıb. Rusiya qazı və neftinin Qərbə satışı dayandığından bu, Rusiya büdcəsinin doldurulmasının vacib yollarından biri sayılır.

"O, (Modi) Rusiyadan neft alışını dayandırmağa, ABŞ-dən, ola bilsin, Venesueladan daha çox neft almağa razılaşdı. Bu, hazırda gedən, hər həftə minlərlə insanın həlak olduğu Ukraynadakı müharibəyə son qoymağa kömək edəcək", – Tramp yazıb.

O qeyd edib ki, "baş nazir Modi ilə dostluq və hörmət hissindən dolayı, eləcə də onun xahişinə uyğun olaraq" ABŞ Hindistanla yeni ticarət sazişi üzrə razılığa gəlib, Hindistan mallarının ABŞ-yə ixracına tarifləri 25 faizdən 18 faizə endirib. Trampın yazdığına görə, bu razılaşma çərçivəsində Hindistan ABŞ-dən, kömür daxil, enerjidaşıyıcılar və kənd təsərrüfatı məhsulları, 500 milyard dollardan çox dəyərində məhsul alacaq.

2025-ci ilin avqustunda ABŞ Hindistan mallarına 25 faiz əlavə tariflər tətbiq edib, bunu ölkənin hazırda birbaşa və ya dolayı yolla Rusiyadan neft idxal etməsi ilə əlaqələndirib. Bundan sonra Nyu-Dehli üçün ümumi tarif 50 faizə yüksəlib, çünki daha öncə Hindistan və ABŞ arasında qarşılıqlı 25 faizlik rüsumlar qüvvədə olub.

Keçən il oktyabrın ortalarında Tramp demişdi ki, Modi ona Rusiyadan neft alışından imtina edəcəyinə söz verib. Amma sonradan Hindistan Xarici İşlər Nazirliyi bildirib ki, Nyu-Dehli qeyri-sabit enerji vəziyyətində öz istehlakçılarının maraqlarının qorunmasını, neft və qazın sabit qiymətlərlə, etibarlı tədarükünü prioritet hesab edir. Vladimir Putin son vaxtlar Modi ilə bir neçə dəfə görüşüb, Rusiya neftinin alınmasını, bu tədarüklərin ödəniş üsullarını müzakirə edib. Sonuncu görüş 2025-ci ilin dekabrında keçirilib.