Trump ‘xəyanətkar rəsmiləri’ sərt tənqid edir

Donald Trump baş prokurorun müavini Rod Rosenstein-lə söhbət edir (Foto arxivdəndir)

Prezident Donald Trump Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini təhqiq edən xüsusi prokurorun araşdırması ilə əlaqəsi olan vəzifəli rəsmiləri kəskin tənqid edib.

Fevralın 17-də verdiyi müsahibədə FTB direktorunun keçmiş əvəzi Andrew McCabe deyib ki, 2017-ci ildə ABŞ Konstitusiyasının 25-ci maddəsini hərəkətə gətirməyin perspektivlərinə dair danışıqlar keçirilib. Bu maddənin əsasında Donald Trump vəzifəsindən kənarlaşdırıla bilər.

McCabe deyib ki, baş prokurorun müavini Rod Rosenstein 25-ci maddə düzəlişinin işə salınması üçün səslərinə ehtiyac olan kabinet üzvləri ilə danışıqlar aparıb.

Fevralın 18-də yazdığı silsilə tvitlərdə Trump McCabe və Rosenstein-i “qanunsuz və xəyanətkar” davranışda ittiham edib və deyib ki, belə görünür, “onlar çox qanunsuz bir akt planlaşdırırmışlar və iş üstündə tutulublar”.

Rosenstein McCabe-in haqqında danışdığı əhvalatı ötən il rədd etmişdi.

O deyib ki, onun nə vaxtsa prezidentin vəzifəsindən uzaqlaşdırılması üçün hərəkət etdiyinə dair hər hansı iddia “tamamilə saxtadır”.

Trump onun seçki kampaniyasının Rusiya ilə əlaqələrini araşdıran təhqiqatları bir qayda olaraq “əcinnə ovu” kimi tənqid edir.