Trump ‘yeni’ Fələstin dövlətindən danışdı

Donald Trump (sağda) və Benjamin Netanyahu yanvarın 28-də Ağ Evdə birgə mətbuat konfransı keçiriblər

ABŞ prezidenti Donald Trump özünün Yaxın Şərq sülh planını açıqlayarakən İsrail-Fələstin münaqişəsinin çözümü üçün “iki dövlət” prinsipinə əməl olunmasına çağırıb, lakin bildirib ki, Yerusəlim İsrail dövlətinin “bölünməz” paytaxtı olaraq qalacaq.

Yanvarın 28-də İsrailin baş naziri Benjamin Netanyahu ilə yanaşı dayanan Trump deyib ki, onun planı Fəsləstinin “yeni dövlətinin” nəzarətində olan əraziləri iki dəfə artıracaq.

O bunu da bildirib ki, “yeni dövlətin” paytaxtı “Şərqi Yerusəlimdə” yerləşəcək.

Trump iddia edib ki, onun 80 səhifəlik sülh planı indiyədək təklif edilmiş planların ən təfərrüatlısıdır.

Buna da bax: Trump-ın Yaxın Şərq planının bəlli tərəfləri – Qərb mediası

O bunu da əlavə edib ki, Fələstin dövlətinin ərazisi “qovuşmuş” olacaq.

ABŞ prezidenti bəyan edib ki, fələstinlilər indiyədək başqalarının əlində alət olublar və buna son qoymağın vaxtı çatıb.

Netanyahu bildirib ki, İsrail bu planda onun İordan vadisi üzərində suverenliyinin saxlanmasını istəyir.

Fələstinlilər Trump-ın öz planını Netanyahu ilə görüşdən sonra və Fələstin liderlərinin iştirakı olmadan açıqlamasını pisləyiblər.

Bir çox fələstinlilər deyirlər ki, Trump İsrailə tərəfkeşlik edən bir sıra addımlar atdıqdan sonra, onlar Birləşmiş Ştatları bu münaqişənin çözümündə tərəfsiz tərəf kimi görmürlər.

Trump ötən il ərəb dünyasının etirazlarına baxmayaraq Yerusəlimi İsrail dövlətinin paytaxtı kimi tanıdığını demiş və ABŞ səfirliyinin bu şəhərə köçürülməsinə dair qərar vermişdi.