Zelenski sentyabrda Trampla görüşəcəyinə ümid edir

Tramp və Zelenskinin Vatikanda görüşü

Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə deyib ki, sentyabrın 20-dən sonra ABŞ prezidenti Donald Trampla görüşəcəyinə ümid edir. Bu haqda AzadlıqRadiosunun Ukrayna xidməti xəbər verir.

Zelenskinin sözlərinə görə, görüşdə ABŞ istehsalı hava hücumundan müdafiə raketlərinin Ukraynaya tədarükü məsələsini qaldırmağı planlaşdırır. O qeyd edib ki, Amerika Ukraynaya hansı raketlərin və nə vaxt lazım olduğunu artıq bilir.

Rusiya ilə müharibənin bitməsinin mümkünlüyündən danışan Zelenski tərəflərin üçtərəfli danışıqlar formatına doğru irəlilədiyini bildirib. O, hazırda bütün detalları açıqlaya bilməyəcəyini vurğulayıb. Çünki Ukrayna və ABŞ əvvəlcə təklifləri hazırlamaq, sonra ictimaiyyətə açıqlamaq üzrə razılığa gəliblər.

Zelenski bir gün əvvəl "Axios" nəşrinə ABŞ prezidentinin xüsusi təmsilçilərinin Kiyevə səfərinin yekunları barədə danışıb. O, danışıqların sentyabr və ya oktyabrda bərpa olunacağına ümid etdiyini deyib. Zelenskiyə görə, Rusiyanın qışda döyüşləri davam etdirmək istədiyi, bununla Ukraynanı güzəştlərə sövq etməyə çalışacağına dair məlumatlar da var.

Sentyabrın 20-dən sonra Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası keçiriləcək, tədbirə çox sayda dünya lideri qatılacaq. Zelenski Trampla bu sessiya çərçivəsində, yoxsa başqa formatda görüşməyi planlaşdırdığını hələ açıqlamayıb.