ABŞ prezidenti Donald Tramp İranın yeni ali liderinin sağ olub-olmadığını şübhə altına alıb. O, martın 16-da Tramp Ağ Evdə bir tədbirdə danışıb.
"Onun ölüb-ölmədiyini bilmirik. Onu heç kim görməyib, bu isə adi hal deyil", – Tramp Ayətullah Müctəba Xamenei barədə deyib. Onun atasının yerinə seçildiyi martın 9-da elan edilib. Atası Ayətullah Əli Xamenei isə fevralın 28-də ABŞ-İsrail bombardmanının ilk günündə öldürülüb.
56 yaşlı Xamenei hələlik, ictimaiyyət qarşısına çıxmayıb. ABŞ-nin müdafiə naziri Pit Heqset ötən həftə deyirdi ki, onun zərbələrdə yaralandığına inanır.
"Çox adam onun şikəst edildiyini deyir. Deyirlər ki, ayağını itirib... çox ağır xəsarət alıb. Öldüyünü deyənlər də var", – Tramp söyləyib.
“Danışıq aparmaq istəyənlər var”
Tramp onu da qeyd edib ki, İran danışıqlarda maraqlıdır, lakin ölkə rəhbərliyinin dağınıq vəziyyətdə olduğunu bildirib. Prezidentin dediyinə görə, fevralın 28-dən bəri İranda 7 mindən çox hədəfə zərbə endirilib, 100-dən çox donanma gəmisi məhv edilib, Tehranın raket və dron atmaq qabiliyyəti xeyli zəiflədilib.
"Onların liderinin kim olduğunu bilmirik. Danışıq aparmaq istəyənlər var. Onların kimliyi barədə məlumatımız yoxdur", – Tramp vurğulayıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Quru sərhədləri İrana görə bağlıdır?
Müharibənin nə qədər çəkəcəyi sarıdan qeyri-müəyyənlik fonunda Trampdan onun bu həftə bitib-bitməyəcəyini soruşublar. "Düşünmürəm, amma tezliklə bitəcək; çox çəkməyəcək", – o deyib.
Ancaq onu da əlavə edib ki, müharibəyə görə Pekindən Çin prezidenti Si Cinpinlə aprelin əvvəlinə planlaşdırılan sammiti "təxminən bir ay" təxirə salınmasını istəyib.
"Müharibədən dolayı burada olmaq istəyirəm, hiss edirəm ki, burada olmalıyam", – Tramp bildirib.
İran martın 16-da BMT-də "qanunsuz təcavüzə" boyun əyməyəcəyini deyib.
"İranla bağlı ən vacib və fundamental insan haqları məsələsi… hərbi təcavüzün 90 milyon insanın həyatına yaratdığı birbaşa təhlükədir", – İranın BMT-nin Cenevrə təmsilçiliyindəki səfiri Əli Bəhreyni bildirib