Prezident Donald Tramp fevralın 19-da bildirib ki, hökumətə yadplanetlilər və naməlum uçan obyektlərlə (UFO) bağlı sənədləri açmaq göstərişi verəcək. O, məsələyə ictimai marağın güclü olduğunu vurğulayıb.
Tramp sosial şəbəkədə yazıb ki, Pentaqon rəhbəri Pit Heqsetə, digər qurumlara faylların açıqlanmasını tapşıracaq, məsələ "son dərəcə maraqlı və vacibdir".
Daha öncə isə Tramp keçmiş prezident Barak Obamanı yadplanetlilər haqda açıq danışarkən "məxfi məlumatları" açıqlamaqda ittiham edib.
Fevralın 14-də yayımlanan müsahibədə aparıcı Obamadan yadplanetlilərin real olub-olmadığını soruşub.
"Realdırlar, amma mən onları görməmişəm. Onları "51-ci zona"da saxlamırlar. Ortada çox böyük bir qəsd yoxdursa və bunu ABŞ prezidentindən gizlətməyiblərsə, orada heç bir yeraltı obyekt yoxdur", – Obama deyib.
"51-ci zona" (Area 51) Hərbi Hava Qüvvələrinin Nevada ştatında məxfi obyektidir. Bəzi nəzəriyyəçilər orada yadplanetli cəsədlərinin, qəzaya uğramış kosmik gəminin saxlanıldığını iddia ediblər. Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) 2013-cü ildə açıqladığı arxiv sənədlərinə görə, bu zona məxfi casus təyyarələri üçün sınaq meydanı olub.
Amma Obamanın dediklərində gizli informasiya əlaməti olmayıb. "Reuters" keçmiş prezidentin ofisindən əlavə şərh ala bilməyib.
Obama müsahibədən bir gün sonra Instagram postunda yazıb ki, prezidentliyi dövründə yadplanetlilərin onlarla əlaqə saxlamasına dəlil görməyib.
Son illər Pentaqon UFO-lar barədə məlumatları araşdırıb. Ordunun aparıcı rəsmiləri 2024-cü ildə deyiblər ki, yadplanetlilərin Yerə səyahəti, buraya enərkən qəza etməsinə dəlil tapmayıblar.